Qubadlı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyev Polşada tutulub. Xəbər oktyabrın 4-də yayılıb.
Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli Ukrayna Zabitlər Birliyinin rəhbərlərindən olan Elxan Nuriyevi Polşada İnterpolun saxladığını yazır: “Elxan Nuriyevi Azərbaycanda çoxları tanıyır. Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan Azərbaycanın internet televiziyalarında Ukraynanın haqlı mövqeyini çatdırıb, Rusiyanın işğalçılıq siyasətini ardıcıl ifşa edib.
Ukrayna vətəndaşı olan Elxan Nuriyev Azərbaycana çox bağlı insandır. Onu 1992-ci ildən tanıyıram, Əbülfəz Elçibəyin prezidentliyi zamanı Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı idi, işinin öhdəsindən layiqincə gəlirdi. İcra başçısı təyin olunana qədər isə Qarabağ müharibəsində vuruşub.
İndi məlum olur ki, Azərbaycan hakimiyyəti hələ 1993-cü ildə Elxan bəyə qəsdən adam öldürmə və vəzifə səlahiyyətlərini aşma ittihamları ilə cinayət işi açıbmış, o, İnterpol xətti ilə beynəlxalq axtarışa verilibmiş.
Polşaya işgüzar səfərə gedəndə tutulan Elxan bəyə qarşı cinayət işinin saxta olmasına heç bir şübhəm yoxdur. Hazırda Elxan bəyin həbsi yalnız Rusiyaya və onun Azərbaycan hakimiyyəti içindəki tərəfdaşlarına lazımdır. Polşanın hüquq mühafizə orqanlarının Elxan bəyin işinə həssaslıqla, diqqətlə yanaşacağına və Elxan bəyin qısa araşdırmadan sonra tezliklə azad olunacağına inanıram”.
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Elxan Nuriyevin tezliklə sərbəst buraxılacağına inandığını yazır: “Kremlin Bakıdakı əlaltıları istəyinə nail ola bilməyəcək”.