Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimin başçısı Araik Arutunyan oktyabrın 4-də açıqlama yayıb. Topluma səslənən qondarma rəhbər Ruben Vardanyana “dövlət naziri” vəzifəsi təklif etdiyini bildirib. “Dövlət naziri” işğalçı rejimdə hökumət başçısı sayılır.
Novator.az bildirir ki, 1968-ci ildə Ermənistanın paytaxtı Yerevanda doğulan Ruben Vardanyan Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib, İtaliya, Fransa, Böyük Britaniya, ABŞ və Sinqapurda müxtəlif proqramlar üzrə təhsil alıb, kurslar keçib.
Sərmayə sektorunda fəaliyyət göstərən iş adamı kimi tanınan Ruben Vardanyan milyarderdir.
2022-ci il sentyabrın 1-də Ruben Vardanyan Rusiya vətəndaşlığından çıxdığını, Qarabağa köçdüyünü bəyan edib. İşğalçı rejimin təhlükəsizliyi və inkişafı üzrə cəbhə yaradıldığını vurğulayan Ruben Vardanyanın müraciətinin ruhundan onun bölgədə hakimiyyətə iddialı olduğu görünüb.
1988-ci il fevralın 13-də ermənilər Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib.
1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü il mayın 12-də elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini, Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub, Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiya sülhməramlı kontingenti yeridilib.
2022-ci il avqustun 26-da Laçın rayonu tam azad edilib.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimdə 1991-ci ildən bəri 7 “parlament seçkisi”, 6 “prezident seçkisi”, 7 “bələdiyyə seçkiləri”, 3 “referendum” keçirilib.
Müxtəlif illərdə rejimə Leonard Petrosyan (iki dəfə), Artur Mkrtçyan, Georgi Petrosyan, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan rəhbərlik edib.
Araik Arutunyan rəhbərliyə 2020-ci il mayın 21-də gəlib.