Sentyabrın 30-da Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyasının büdcədən maliyyələşən işçilərinin say həddini 3510 ştat vahidi təsdiqləyib.
Akademiyanın strukturu belə müəyyən olunub: Rəyasət Heyətinin Aparatı; Respublika Seysmoloji Xidmət Mərkəzi; Tarix İnstitutu; Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu; Şərqşünaslıq İnstitutu; Fəlsəfə və Sosiologiya İnstitutu; Ədəbiyyat İnstitutu; Dilçilik İnstitutu; Memarlıq və İncəsənət İnstitutu; Əlyazmalar İnstitutu; Folklor İnstitutu; Qafqazşünaslıq İnstitutu; “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi; Lənkəran Regional Elmi Mərkəzi; Şəki Regional Elmi Mərkəzi; Mərkəzi Elmi Kitabxana; “Elm” Nəşriyyatı; Naxçıvan bölməsinin Aparatı; Naxçıvan bölməsinin tabeliyində olan elmi müəssisələr – Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu; İncəsənət, Dil və Ədəbiyyat İnstitutu; Əlyazmalar Fondu; Gəncə bölməsinin Aparatı; Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr – Humanitar Tədqiqatlar İnstitutu; Diyarşünaslıq İnstitutu; Nizami Gəncəvi Mərkəzi.
Prezident İlham Əliyevin 28 iyul 2022-ci il fərmanı ilə Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bazasında Elm və Təhsil Nazirliyi yaradılıb.
Akademiyanın bəzi qurumları Elm və Təhsil Nazirliyinin, bəzi qurumları Mədəniyyət Nazirliyinin tabeliyinə verilib, bəzi qurumlar onun strukturunda saxlanıb.
Novator.az bildirir ki, əsası 1945-ci ildə qoyulan AMEA-nın ali idarəetmə orqanı ümumi yığıncaqdır. Həqiqi üzvlərdən ibarət ümumi yığıncağın AMEA prezidentini seçmək hüququ var. Gizli səsvermədə seçilən AMEA prezidenti Azərbaycan prezidentinin sərəncamı ilə təsdiqlənir.
2019-cu il oktyabrın 23-dən AMEA prezidenti olan Ramiz Mehdiyev 2022-ci il fevralın 14-də istefa verib. Fevralın 19-da ümumi yığıncaq Ramiz Mehdiyevin istefasını qəbul edib, prezident səlahiyyətləri birinci vitse-prezident vəzifəsinin icraçısı Arif Həşimova keçib.
AMEA-nın prezidenti postunu Ramiz Mehdiyevə qədər bu şəxslər tutub: Mir Əsədulla Mirqasımov, Musa Əliyev, Yusif Məmmədəliyev, Zahid Xəlilov, Rüstəm İsmayılov, Həsən Abdullayev, Eldar Salayev, Fəraməz Maqsudov, Mahmud Kərimov, Akif Əlizadə.