Rusiyada fəaliyyəti dayandırılan “Exo Moskvı” radiostansiyasının baş redaktoru olmuş Aleksey Venediktov yeni informasiya platformasının işə düşəcəyini açıqlayıb.
Rusiya 2022-ci il fevralın 24-dən Ukraynada qanlı müharibəyə başlayandan “Roskomnadzor” (informasiya texnologiyaları və kütləvi kommunikasiyalara nəzarəti həyata keçirən federal xidmət) ölkə mediası üzərində dövlət nəzarətini gücləndirib, yerli və xarici jurnalistlərin, redaksiyaların fəaliyyətinə çoxsaylı məhdudiyyətlər tətbiq edib. Bir sıra kütləvi informasiya vasitəsinin yayımı ya birbaşa hökumətin qərarı ilə, ya da məhdudiyyətlərin doğurduğu çətinliklər ucbatından dayanıb.
“Roskomnadzor”un yayımını dayandırdığı media qurumları arasında “Exo Moskvı” radiostansiyası da var. Radiostansiyanın fəaliyyəti Rusiyanın Ukraynada apardığı hərbi əməliyyat haqda yalan informasiya yayma ittihamı ilə dayandırılıb.
Martın 3-də “Exo Moskvı” Qapalı Səhmdar Cəmiyyətinin Direktorlar Şurası radiostansiyanı, onun saytını bağlamaq, bütün sosial media hesablarını ləğv etmək məcburiyyətində qalıb.
İndi isə bəlli olur ki, Rusiyanı tərk etmiş media adamları bir vaxt “Exo Moskvı”da işləmiş jurnalistlərin hazırlayıb yaymaqda olduğu bütün materialların yerləşdirilməsi üçün yeni platforma yaratmağa qərar veriblər.
Novator.az-ın məlumatına görə, Aleksey Venediktov yeni platformanın nə redaksiyasının, nə də baş redaktorunun olacağını vurğulayıb: “Bu sadəcə “Exo kainatı”nı bir yerə toplayacaq vahid platforma olacaq. Mən bu ideyanı dəstəkləyirəm”.
Venediktovun sözlərinə görə, yeni platforma internet səhifəsindən, mobil tətbiq əlavəsindən və “Telegram” şəbəkəsində ayrıca kanaldan ibarət olacaq: “Biz həmin səhifənin, mobil tətbiqin və kanalın oktyabrın 3-də işə düşəcəyini gözləyirik”.
Mobil tətbiq əlavəsində audio materiallar, internet səhifəsində keçmiş “Exo”çuların və onlarla əməkdaşlıq edənlərin yazıları, habelə bloqları yer alacaq. “Telegram” kanalında isə jurnalistlər qrupunun “Exo Moskvı” üslubunda hazırladığı xəbərlər təqdim ediləcək.
Aleksey Venediktovun dediyinə görə, yeni platformasnın yaradılmasında məqsəd odur ki, izləyicilər keçmiş “Exo”çuların hazırladığı materialları bütün şəbəkələr boyu axtarmaq məcburiyyətində qalmasınlar.
Mənbə: Gazeta.ru