AXCP sədri Əli Kərimli hakimiyyətə səslənərək partiyanın 30 sentyabr aksiyasına müdaxilə etməməyə çağırıb: “Hazırda ABŞ da, Avropa da Azərbaycanla Ermənistan arasında münaqişənin sülh müqaviləsi ilə yekunlaşmasına çalışır. Bu müzakirələr zamanı Ermənistan və onu müdafiə edənlər Qarabağda yaşayan erməni əhaliyə əlavə hüquqi təminatlar verilməsini istəyirlər, İlham Əliyev isə bildirir ki, hüquqi təminatları Azərbaycan Konstitusiyası verir. İndi ölkənin milli maraqları tələb edir ki, İlham Əliyev bizlərə və dünyaya göstərsin: Azərbaycan Konstitusiyası həqiqətən işləkdir, bir işə yarayır və vətəndaşların hüquqlarına təminatlar yaradır.
Ölkənin milli maraqları tələb edir ki, hətta Bakı Şəhər İcra Hakimiyyəti məqsədəuyğun hesab etməsə də (?), 30 sentyabr etiraz aksiyasında polis müdaxiləsi və qanunsuz həbslər olmasın. Əksi olsa, ölkənin milli maraqlarına böyük zərbə dəyəcək. Erməni tərəfi və havadarları iddia edəcək ki, bir konstitusiya heç ölkənin milli çoxluğuna hansısa hüquqlar təmin edə bilmirsə, milli azlığa necə hüquqi təminatlar verəcək?
30 sentyabr aksiyası yaxşı fürsətdir ki, İlham Əliyev də dünyanın dəyişdiyini nəzərə alsın, öz xalqına qarşı polis zorakılığından, qanunsuz həbslərdən, nəhayət, imtina etsin. Bununla da Ermənistanın və tərəfdarlarının qarşısında ölkəmiz ciddi arqument qazanmış olsun”.
AXCP fəalları sentyabrın 30-u saat 16-da Milli Məclisin binası qarşısında aksiya keçirmək istəyir. Sentyabrın 21-də Bakı Şəhər İcra Hakimiyyətinə göndərilmiş xəbərdarlıq məktubunda “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsinə etiraz piketinə şərait yaradılması istənib. Paytaxt hakimiyyəti sentyabrın 27-də göndərdiyi rəsmi cavabda piketi məqsədəuyğun saymadığını bildirib, amma partiya aksiya qərarını dəyişməyib.
“Siyasi partiyalar haqqında” yeni qanunun layihəsini sentyabrın 7-də Milli Məclis təqdim edib. Layihənin parlamentin payız sessiyasında müzakirəyə çıxarılması gözlənir. Payız sessiyası sentyabrın 30-da başlanacaq.
1992-ci ildə qəbul edilmiş indiki qanuna görə, partiyanın qeydə alınması üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır.
Yeni qanun layihəsi partiyanı Azərbaycanda son 20 il daimi yaşayan azı 200 vətəndaşın təsis etməsi, dövlət qeydiyyatına alınması üçün partiyanın azı 10000 üzvü olması hökmləri qoyur. 10000 üzv şərtini hazırda dövlət qeydiyyatında olan partiyalara da şamil etmək nəzərdə tutulur (60 partiya qeydiyyatdadır).
Layihəyə əsasən, partiya parlament, prezident və ya bələdiyyə seçkilərində ardıcıl olaraq iki dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə Ədliyyə Nazirliyi apellyasiya məhkəməsində iddia qaldırıb qurumun ləğvini istəyə bilər.
AXCP 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsinin bazasında qurulub, həmin il dövlət qeydiyyatına alınıb. Əli Kərimli partiyaya 2000-ci ildən liderlik edir.