Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan sentyabrın 26-da ölkənin İctimai Televiziyasına müsahibədə Azərbaycan və Türkiyə ilə sülhün qaçılmaz olduğunu deyib: “Müxalifət hakimiyyətin dəyişəcəyi halda Azərbaycan və Türkiyənin Ermənistandan gözlədiyi ağrılı qərarlardan yayınmağın mümkün olduğunu düşünür. Ancaq Ermənistanda hakimiyyətə kim gəlir-gəlsin, yaxşı heç nə baş verməyəcək, bəlkə də daha pis olacaq. Heç bir qərar bizə yaxşı şey vəd etmir. Daha az ağrılı qərarı seçmək məsələsi var. Biz vaxtı uzatdıqca Azərbaycan və Türkiyənin tələbləri artacaq, yarım ildən sonra ölkəmiz olmayacaq”.
Novator.az bildirir ki, sentyabrın 28-i paytaxt Yerevanda mətbuat konfransı keçirən ikinci prezident Robert Köçəryan Levon Ter-Petrosyanın tezislərinə qarşı çıxıb: “Qarabağın taleyi xalqın öz əlindədir. Elita Azərbaycanla addım-addım əməkdaşlığa gedəcək, yoxsa mübarizə yolu tutacaq? Ermənistanda xalq hakimiyyəti Qarabağ məsələsində mövqeyini dəqiqləşdirməyə vadar edə biləcəkmi? Açar xalqın əlindədir. Xalq mübarizəyə hazırdırsa, deməli, imkan var. Qapı hər zaman mübarizə aparanın üzünə açılır. 1992-ci ildə vəziyyət heç də indikindən yaxşı deyildi. Bəli, çox problem var, ancaq bu o demək deyil ki, biz təslim olmalı, Ermənistanın qarşısında məcburiyyət kimi qoyulan şərtləri qəbul etməliyik”.
1954-cü il təvəllüdlü Robert Köçəryan işğalçı Qarabağ müharibəsinin rəhbərlərindən biridir. 1992-1997-ci illərdə Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib. 1997-ci ildən Ermənistanın baş naziri, 1998-ci ildən 2008-ci ilə kimi prezidenti olub. Hazırda ölkə parlamentində əsas müxalif qüvvə olan Ermənistan blokunun lideridir.
1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı bölgələri, eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və bu əməliyyatlar nəticəsində əldə edilən razılaşmalarla ərazilərin böyük hissəsi azad olunub.
Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi, Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi işğalda qalır.
2021-ci ildən Azərbaycan-Ermənistan sülh danışıqları gedir, həmçinin Türkiyə-Ermənistan dialoqu aparılır. Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, ərazi iddialarının olmaması və olmayacağı barədə hüquqi öhdəliyin götürülməsi prinsipləri də əks olunub.