AXCP fəalları sentyabrın 30-u saat 16-da Milli Məclisin binası qarşısında aksiya keçirəcək. Meydan.tv-nin məlumatına görə, partiya funksioneri Vahid Məhərrəmli deyib ki, sentyabrın 21-də Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərərək “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsinə etiraz piketinə şərait yaradılmasını istəyiblər: “Sentyabrın 30-na, Milli Məclisin binası qarşısına təyin etdiyimiz aksiyaya paytaxt hakimiyyətindən razılıq ala bilmədik, sentyabrın 27-də göndərilən rəsmi cavabda piketin məqsədəuyğun sayılmadığı vurğulandı. Amma kütləvi etiraz tədbiri bizim konstitusion hüququmuzdur. Biz “Siyasi partiyalar haqqında” mürtəce qanun layihəsinə etiraz edirik, həmçinin siyasi məhbuslara azadlıq, azad seçki, demokratik dəyişikliklər, quru sərhədlərin açılması, Rusiyada hərbi səfərbərliyə alınmaq təhlükəsi ilə üzləşən azərbaycanlıların vətənə qayıdışının təşkili tələbləri qoymaq fikrindəyik”.
“Siyasi partiyalar haqqında” yeni qanunun layihəsini sentyabrın 7-də Milli Məclis təqdim edib. Layihənin parlamentin payız sessiyasında müzakirəyə çıxarılması gözlənir. Payız sessiyası sentyabrın 30-da başlanacaq.
1992-ci ildə qəbul edilmiş indiki qanuna görə, partiyanın qeydə alınması üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır.
Yeni qanun layihəsi partiyanı Azərbaycanda son 20 il daimi yaşayan azı 200 vətəndaşın təsis etməsi, dövlət qeydiyyatına alınması üçün partiyanın azı 10000 üzvü olması hökmləri qoyur. 10000 üzv şərtini hazırda dövlət qeydiyyatında olan partiyalara da şamil etmək nəzərdə tutulur (60 partiya qeydiyyatdadır).
Layihəyə əsasən, partiya parlament, prezident və ya bələdiyyə seçkilərində ardıcıl olaraq iki dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə Ədliyyə Nazirliyi apellyasiya məhkəməsində iddia qaldırıb qurumun ləğvini istəyə bilər.
AXCP 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsinin bazasında qurulub, həmin il dövlət qeydiyyatına alınıb. Partiyaya Əli Kərimli sədrlik edir.