Sentyabrın 27-də prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonuna baş çəkiblər. AZƏRTAC xəbər verir ki, onlar Qaraxanbəyli kəndində Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar, prezident orada çıxış edib. O, 2020-ci ildəki 44 günlük Vətən müharibəsinin ölkənin şanlı tarixi olduğunu vurğulayıb: “Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı birlik, iradə göstərdi. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik.
Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq”.
Sonra İlham Əliyev və Mehriban Əliyeva Şuşa şəhərinə gedərək Yuxarı Gövhər ağa məscidində aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibədə və bu müharibə nəticəsində əldə edilən razılaşmalarla ərazilərin böyük hissəsi azad olunub.
Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi, Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi işğalda qalır.
Rəsmi məlumata görə, İkinci Qarabağ müharibəsində 2907 hərbi qulluqçu şəhid olub, 7 hərbi qulluqçu itkin düşüb.
Sentyabrın 27-si Azərbaycanda işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Anım Günü kimi rəsmiləşib.