Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan sentyabrın 26-da ölkənin İctimai Televiziyasına müsahibə verib. O, sentyabrın 22-si Eçmiədzində bütün ermənilərin katolikosu II Qaregin, keçmiş prezidentlər Robert Köçəryan, Serj Sərkisyan, işğalçı Qarabağ rejiminin sabiq başçıları Arkadi Qukasyan və Bako Saakyanla apardığı müzakirələrdən danışıb: “Ölkə ciddi problemlər və ağrılı qərarlar zərurəti ilə üz-üzə qaldığı üçün bütün qüvvələrin birliyinə, hakimiyyətlə müxalifət arasında konstruktiv dialoqa ehtiyac var. Ermənistan Azərbaycan və Türkiyə ilə müqavilələr imzalamalıdır. Bunu etməsək, ölkəni yenidən qurmalı olacağıq”.
Sülh danışıqlarının detallarının yalnız baş nazir Nikol Paşinyana bəlli olduğunu vurğulayan sabiq prezident qeyd edib ki, müxalifət hakimiyyətin dəyişəcəyi halda Azərbaycan və Türkiyənin Ermənistandan gözlədiyi ağrılı qərarlardan yayınmağın mümkün olduğunu düşünür: “Ancaq Ermənistanda hakimiyyətə kim gəlir-gəlsin, yaxşı heç nə baş verməyəcək, bəlkə də daha pis olacaq. Heç bir qərar bizə yaxşı şey vəd etmir. Daha az ağrılı qərarı seçmək məsələsi var. Bunu tam anlamaq üçün sənədlərə qol çəkməkdən qorxan Nikol Paşinyanın bildiyi informasiyanı əldə etmək gərəkdir.
Baş nazir istənilən halda satqınlıqda ittiham olunacaq. Amma biz vaxtı uzatdıqca Azərbaycan və Türkiyənin tələbləri artacaq, yarım ildən sonra ölkəmiz olmayacaq. Gec-tez Azərbaycanla sərhədlər dəqiqləşdirilməlidir”.
Levon Ter-Petrosyan əlavə edib ki, hazırda Ermənistan Qarabağın taleyində heç bir rol oynamır, yalnız humanitar yardım eləməsi, tikintiyə, iqtisadiyyatın bərpasına əl atması mümkündür.
1945-ci il təvəllüdlü Levon Ter-Petrosyan 1990-cı ildən Ermənistana rəhbərlik edib, 1991-1998-ci illərdə prezident postunu tutub.
1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib.
1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü il mayın 12-də elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın altıda birini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və bu əməliyyatlar nəticəsində əldə edilən razılaşmalarla ərazilərin böyük hissəsi azad olunub.
Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi, Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi işğalda qalır.
2021-ci ildən Azərbaycan-Ermənistan sülh danışıqları gedir, həmçinin Türkiyə-Ermənistan dialoqu aparılır. Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, ərazi iddialarının olmaması və olmayacağı barədə hüquqi öhdəliyin götürülməsi prinsipləri də əks olunub.