Sentyabrın 10-da “Xural” internet televiziyasının qurucusu Əvəz Zeynallı və vəkil Elçin Sadıqov tutulublar. Baş Prokurorluğun İstintaq İdarəsi jurnalisti külli miqdarda rüşvət almaqda, vəkili bu işdə ona köməklikdə ittiham edir.
Rəsmi açıqlamaya görə, jurnalist 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin həbs etdiyi iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat alıb. Sentyabrın 11-nə keçən gecə Binəqədi Rayon Məhkəməsi jurnalist və vəkil barəsində 4 aylıq həbs qətimkan tədbirləri seçib, Bakı Apellyasiya Məhkəməsi sentyabrın 17-də Elçin Sadıqovu ev dustaqlığına buraxıb.
Əvəz Zeynallı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanır. Sentyabrın 21-də ona vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamı da irəli sürülüb.
Novator.az-ın məlumatına görə, Elçin Sadıqov istintaqın Əvəz Zeynallını vəzifəli şəxs saydığını xatırladaraq yazır: “2013-cü il iyulun 19-da Konstıtusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışını şərh edib. Qərara əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar.
Dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar”.
Vəkil həmçinin qeyd edir ki, məlumatların yayılması, yayılmaması və ya silinməsi heç bir hüquqi əhəmiyyət kəsb etmir, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olmur, dəyişməsi və ya xitam olunması ilə nəticələnmir və ya nəticələnə bilən hərəkətlər deyil: “Ali Məhkəməsinin 20 noyabr 2018-ci il qərarında bildirilib ki, jurnalistin məqalənin yayılması, yayılmaması və ya yayılan məlumatların çıxarılması ilə bağlı pul tələb etməsi jurnalistlərlə insanlar arasında hər hansı bir hüquq münasibətinin yaranmasına, xitamına və ya dəyişdirilməsinə səbəb olmadığından belə vəziyyətlərdə jurnalist vəzifəli şəxs hesab edilə bilməz”.
Elçin Sadıqov əlavə edir ki, Əvəz Zeynallının pul tələb etməsi məsələsi tamamilə uydurmadır: “Qondarma cinayət işi mənim insan hüquqlarını müdafiə etməyimə görə, Əvəz Zeynallının isə tənqidi jurnalist fəaliyyətinə görədir. Bu baxımdan ən azı Əvəz Zeynallı barədə də qətimkan tədbiri dəyişdirilməlidir”.
Əvəz Zeynallı bir neçə qəzetin yazarı, “Vətəndaş həmrəyliyi” qəzetinin baş redaktoru olub. 2002-ci ildə “Xural” qəzetini yaradıb. 2011-ci il oktyabrın 19-da “Xural”ın əmlakı məhkəmə iddiaları üzrə çıxarılmış qərarlara görə müsadirə olunub. Ertəsi gün qəzetin nəşri dayanıb. Oktyabrın 28-də Əvəz Zeynallı həbs edilib. Külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilən Əvəz Zeynallı 2014-cü il dekabrın 30-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.
Elçin Sadıqov 2007-ci ildən vəkillik fəaliyyəti ilə məşğul olub, əsasən siyasi motivlərlə tutulmuş şəxslərin müdafiəçisi kimi tanınıb.
Əvəz Zeynallıya ittiham vəkili də həbsə apardı