Sentyabrın 26-da fərman imzalayan prezident İlham Əliyev Media Reyestrinin aparılması qaydalarını təsdiqləyib. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Media Reyestrinin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini təmin etmək, Medianın İnkişafı Agentliyinə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Media Reyestrinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.
Media Reyestri 2022-ci il fevralın 8-də qüvvəyə minən “Media haqqında” qanunun tələbidir.
Qaydalara görə, Media Reyestrinə daxil edilmək üçün müraciət edən şəxslərin, o cümlədən jurnalistlərin məlumatları təqdim edildiyi tarixdən 5 iş günü müddətində yoxlanır və çatışmazlıq aşkar edilmədikdə reyestrə daxil edilir.
Müraciət etmiş jurnalistlərin reyestrə daxil edilməsindən bu hallarda imtina olunur: ali təhsili olmadıqda; fəaliyyət qabiliyyətli olmadıqda; ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edildikdə; məhkumluğu ödənmədikdə və ya götürülmədikdə; media subyekti ilə əmək müqaviləsi olmadıqda (fərdi olaraq müəllif hüquqları əsasında işləyən jurnalistlərin azı bir media subyekti ilə mülki hüquqi müqaviləsi olmalıdır); reyestrə daxil edilməmiş media subyektində işlədikdə; işlədiyi media subyekti davamlı fəaliyyət göstərmədikdə (müraciət tarixinə qədər fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla); fəaliyyəti “Media haqqında” qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmadıqda; işlədiyi çap mediası subyektinin fəaliyyətində yaranmış fasilə “Media haqqında” qanunun 59.7-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq olduqda; jurnalistika sahəsi üzrə iş stajı 3 ildən az olduqda və ya elmi və pedaqoji təhsil müəssisələrində jurnalistika sahəsində 3 ildən az fəaliyyət göstərdikdə; jurnalist kimi fəaliyyət göstərdiyi müddətdə peşə etikası (etik davranış) qaydalarına riayət etmədikdə; fərdi sahibkar kimi vergi uçotuna alınmadan fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işlədikdə.