Nazirlər Kabinetinin 22 sentyabr iclasında 2023-cü ilin dövlət büdcəsinin və büdcə zərfinin başqa sənədlərinin layihələri müzakirə olunub. Baş nazir Əli Əsədov, maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin məruzələri və müzakirələrin ardından layihələri prezidentə təqdim etmək qərarı verilib.
2023-cü ilin dövlət büdcəsi layihəsində 30 milyard 720,7 milyon manat gəlir, 33 milyard 300 milyon manat xərc nəzərdə tutulur.
Gəlir mənbələri üzrə proqnoz belədir: Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar – 13 milyard 402 milyon manat, Dövlət Neft Fondundan transfert – 11 milyard 280 milyon manat, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar – 4 milyard 750 milyon manat, büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları – 750 milyon manat, sair gəlirlər – 538,7 milyon manat.
Xərc istiqamətləri belə sıralanır: iqtisadi fəaliyyət – 6 milyard 884,9 milyon manat, müdafiə və milli təhlükəsizlik – 5 milyard 320,1 milyon manat, sosial müdafiə və sosial təminat – 4 milyard 411,8 milyon manat, təhsil – 4 milyard 403,8 milyon manat, ümumi dövlət xidmətləri – 3 milyard 779,7 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 2 milyard 744,4 milyon manat, səhiyyə – 1 milyard 905,1 milyon manat, kənd təsərrüfatı – 1 milyard 202,1 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət – 542,8 milyon manat, ətraf mühitin mühafizəsi – 363,3 milyon manat, mənzil və kommunal təsərrüfatı – 355,1 milyon manat, əsas bölmələrə aid edilməyən xərclər – 1 milyard 386,9 milyon manat.