“Xural” internet televiziyasının qurucusu Əvəz Zeynallıya yeni ittihamın detalları açıqlanıb. Baş Prokurorluğun 22 sentyabr məlumatına görə, Əvəz Zeynallı “Səda” internet televiziyasının rəhbəri, sentyabrın 14-də tutulmuş Elnur Şükürov və onun tanışı Teymur Rəhimovla birgə Sumqayıtda torpaq sahəsinin özəlləşdirilərək orada mağaza tikilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətindən icazənin alınmasını təşkil edib, bu iş üzrə 11070 manat alınıb.
Başqa bir iddiaya əsasən, Əvəz Zeynallı Elnur Şükürovla birgə Bakının Sabunçu qəsəbəsində mağaza tikilməsi üçün Sabunçu Rayon İcra Hakimiyyətindən icazə alınmasını təşkil edib, bu iş üzrə 7000 manat alınıb.
Digər iddiaya görə, Elnur Şükürov Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan torpaq sahəsinin və tikilinin özəlləşdirilməsi ilə bağlı zəruri sənədlərin əldə edilməsi üçün 50000 manat alıb, bu işdə Əvəz Zeynallı ilə əlbir olub.
Cinayət işi vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamı ilə aparılır. Bu ittiham 6ı min manatdan 10 min manatadək miqdarda cərimə və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutur.
Binəqədi Rayon Məhkəməsi Elnur Şükürov barədə həbs qətimkan tədbiri seçib, Teymur Rəhimov axtarışa verilib.
Novator.az bildirir ki, Əvəz Zeynallı sentyabrın 10-da, vəkil Elçin Sadıqovla eyni gündə tutulub. Baş Prokurorluğun İstintaq İdarəsi jurnalisti külli miqdarda rüşvət almaqda, vəkili bu işdə ona köməklikdə ittiham edir. Bu ittiham 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Rəsmi açıqlamaya görə, jurnalist 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin həbs etdiyi iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat alıb. Sentyabrın 11-nə keçən gecə Binəqədi Rayon Məhkəməsi jurnalist və vəkil barəsində 4 aylıq həbs qətimkan tədbirləri seçib, Bakı Apellyasiya Məhkəməsi sentyabrın 17-də Elçin Sadıqovu ev dustaqlığına buraxıb.
Əvəz Zeynallı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanır. Ona vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamı sentyabrın 21-də irəli sürülüb.
1969-cu il təvəllüdlü Əvəz Zeynallı bir neçə qəzetin yazarı, “Vətəndaş həmrəyliyi” qəzetinin baş redaktoru olub. 2002-ci ildə “Xural” qəzetini yaradıb. 2011-ci il oktyabrın 19-da “Xural”ın əmlakı məhkəmə iddiaları üzrə çıxarılmış qərarlara görə müsadirə olunub. Ertəsi gün qəzetin nəşri dayanıb. Oktyabrın 28-də Əvəz Zeynallı həbs edilib. Külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilən Əvəz Zeynallı 2014-cü il dekabrın 30-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.
2015-ci ildə Əvəz Zeynallı “Xural” internet televiziyasını təsis edib.
Elçin Sadıqov 2007-ci ildən vəkillik fəaliyyəti ilə məşğul olub, əsasən siyasi motivlərlə tutulmuş şəxslərin müdafiəçisi kimi tanınıb.