Noyabrın 20-si Qazaxıstanda növbədənkənar prezident seçkisi keçiriləcək. Novator.az-ın məlumatına görə, dövlət başçısı Qasım-Comərd Tokayev sentyabrın 21-də belə fərman imzalayıb.
Sentyabrın 1-də xalqa müraciət edən Qasım-Comərd Tokayev prezidentin səlahiyyət müddətinin 7 ilə qaldırılması, bir dəfədən artıq seçilməyə yasaq qoyulması təşəbbüsü irəli sürüb.
Prezidentin səlahiyyət müddəti ilə bağlı norma sentyabrın 17-də rəsmən dəyişib.
Əvvəlki normaya əsasən, prezidentin səlahiyyət müddəti 5 il idi, eyni şəxs ardıcıl olaraq iki dəfədən çox prezident seçilə bilməzdi.
Qasım-Comərd Tokayev 1953-cü ildə doğulub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu və Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib, siyasi elmlər doktorudur.
1975-ci ildən SSRİ Xarici İşlər Nazirliyində, ardınca ölkənin Sinqapurdakı səfirliyində çalışıb, sonra Çindəki səfirlikdə ikinci katib, birinci katib, müşavir postlarını tutub.
1992-ci ildən Qasım-Comərd Tokayev Qazaxıstan xarici işlər nazirinin müavini, 1993-cü ildən nazirin birinci müavini olub. 1994-cü ildə xarici işlər naziri postuna təyinat alıb, 1999-cu ildə əvvəl baş nazirin müavini, ardınca baş nazir vəzifəsinə keçirilib.
2002-ci ildən Qasım-Comərd Tokayev dövlət katibi-xarici işlər naziri, 2003-cü ildən xarici işlər naziri postlarında fəaliyyət göstərib, 2007-ci ildən Qazaxıstan parlamentinin yuxarı palatası olan Senata sədrlik edib.
2011-ci ildən BMT baş katibinin müavini olan Qasım-Comərd Tokayev 2013-cü ildə yenidən Senatın sədri seçilib.
2019-cu il martın 20-də Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev idarəçilikdə müəyyən səlahiyyətləri saxlamaqla istefa verib, Qasım-Comərd Tokayev prezident andı içərək dövlət başçısı kürsüsünə oturub, həmin il iyunun 9-da keçirilmiş növbədənkənar prezident seçkisində qalib gəlib.
2022-ci il yanvarın 5-də Nursultan Nazarbayev idarəçilikdən tam uzaqlaşdırılıb.