Prezident İlham Əliyev sentyabrın 21-də Laçın rayonuna səfər edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində Laçın Beynəlxalq Hava Limanına 2400 metr uzunluğunda giriş tunelinin inşası ilə tanış olub. Arayışa görə, uzunluğu 76,3 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun və yol üzərində tunellərin inşası davam etdirilir. Nəzərdə tutulmuş 12 avtomobil tunelindən 5-nin tikinti işləri aparılır.
Həmin gün İlham Əliyev Laçın şəhərində Azərbaycan bayrağını ucaldıb. O, çıxışında deyib ki, 2020-ci ilin Vətən müharibəsinin sonunda Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və Ağdam, Kəlbəcər, Laçın rayonlarının işğal edilmiş hissəsindən öz qoşunlarını çıxarmalı idi, buna əməl etdi: “Ancaq Laçın şəhəri nəzarətimizdən kənarda qalmışdı. Bunun da səbəbi o idi ki, Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolu şəhərin ortasından keçir və buna görə biz Laçın şəhərini nəzarətə götürə bilməmişdik. Ancaq danışıqlar nəticəsində mənim təkidimlə alternativ yolun çəkilişi sənəddə təsbit edildi və 3 il ərzində yeni yolun çəkilişi ilə bağlı razılaşmalar aparılmalı idi. Biz isə razılaşmaları daha tez bir zamanda başa çatdırdıq, Rusiya tərəfi ilə yeni yolun marşrutu təsdiqlənmişdi və təxirəsalınmaz tədbirlər görülərək yeni yolun çəkilişinə başladıq. Bu müddət cəmi 1 il 8 ay çəkdi. Yəni 1 il 8 aydan sonra artıq alternativ yol hazır idi. Biz rəsmi qaydada bildiriş göndərmişdik ki, avqustun 2-də yol hazırdır, avqustun 5-də Azərbaycan Laçın şəhərinə və o cümlədən köhnə yola daxil olur və Laçın şəhərinə qayıdır. Ondan sonra bizə Qarabağda yaşayan ermənilər müraciət etmişdilər, xahiş etmişdilər ki, onlara avqustun 25-nə qədər əlavə vaxt verilsin. Baxmayaraq ki, burada qanunsuz məskunlaşma olub, biz yenə də humanistlik göstərərək onlara bu imkanı verdik. Beləliklə, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu və biz Laçın şəhərini qaytardıq.
Bu, tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaq”.
Dövlət başçısı indiki duruma da toxunub: “Biz müharibədən dərhal sonra sülh təklif etdik. Ancaq Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır. Biz təklif etdik ki, delimitasiya prosesinə start verək. Bunu təxminən bir ildən çox müddət ərzində uzatdı. İndi isə bu proses başlasa da, sırf formal xarakter daşıyır, mahiyyət üzrə heç bir danışıqlar aparılmır, xəritələr üzrə heç bir müzakirə aparılmır. Biz bütün xəritələri hazırlamışıq. Həm XX əsrin xəritələrini, həm əvvəlki dövrün xəritələrini və delimitasiya işləri bu xəritələr üzrə aparılmalıdır.
Biz Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif etmişik. Sözdə onları qəbul ediblər, amma biz bunu əməldə görmürük. Yenə də vaxt uzatma taktikası. Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktına əsasən, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalı idi. Hələ də tam çıxarılmayıb. Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşməsini təmin edən dəhliz verməli idi. Bu günə qədər nəinki dəhliz verilməyib, hətta dəhlizin marşrutu bizə deyilməyib. Heç bir praktiki iş aparılmayıb. Biz isə indi dəmir yolunu Zəngilana qədər çəkmişik. Avtomobil yolunu Zəngilana qədər çəkmişik. Biz gələn ilin sonunda Ermənistan sərhədinə həm dəmir yolunu, həm avtomobil yolunu gətirəcəyik. Ancaq Ermənistan ərazisində heç bir iş görülmür və görünür ki, heç bir iş görmək istəmirlər. Yenə də vaxt uzadırlar”.
İlham Əliyev qeyd edib ki, sentyabrın 13-də Azərbaycana qarşı təxribat törədilib və Azərbaycan Ordusu cavab verərək düşməni yerinə oturdub: “Ümid edirəm ki, nəhayət bu, onlara dərs olacaq. Çünki gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz. Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər görək. Biz ta Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik. Bu mövqelər bizə həm hərbi üstünlük verir, həm böyük əraziyə vizual nəzarət imkanı yaradır, o cümlədən önəmli kommunikasiya xətlərinə nəzarət etməyə imkan verir və biz artıq bu bölgələrdə yerləşirik. Biz otuz il bu sərhədlərdə olmamışıq.
İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz sərhədlərə çıxdıq. Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz buna görə Azərbaycan-Ermənistan sərhədində heç bir iş görməmişdilər.
Yəni bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının – Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq. Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşib. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz”.
Sonra prezident Laçın şəhərində inşa ediləcək “Laçın” Qovşaq Yarımstansiyasının təməl mərasimində iştirak edib.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın cənub-qərbini, həmçinin Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub, Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiya sülhməramlı kontingenti yeridilib. Həmin yolun üstünə Laçın şəhəri və rayonun Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabux kəndləri düşüb.
2022-ci il avqustun 11-də Laçın şəhəri və rayonun kəndlərindən yan keçən yeni yolun inşası bitib, avqustun 26-da Laçın rayonunun tam azad edildiyi, avqustun 30-da Rusiya sülhməramlı kontingentinin yeni yolun mühafizəsinə keçdiyi bəyan olunub.