Rusiya Müdafiə Nazirliyinin saytı Azərbaycanın Yuxarı Qarabağ bölgəsini və Ermənistana gedən Laçın yolunu əhatə edən nəzarət zonasının xəritəsini yeniləyib. Xəritədən Laçın rayonu ərazisində Rusiya hərbi kontingentinin 3 müşahidə postunun olduğu görünür, ancaq hər hansı məntəqənin adı verilmir.
Sentyabrın 18-dən 19-dək Laçın şəhəri və rayonun Ağanus kəndi sülhməramlıların nəzarət zonasında göstərilmiş, bu, anlaşılmazlıq doğurmuşdu.
Novator.az bildirir ki, İkinci Qarabağ müharibəsinin bitdiyi 10 noyabr 2020-ci ildən Laçın rayonunun bir hissəsi Yuxarı Qarabağdan Ermənistana gediş-gəliş üçün ayrılıb. Həmin yolun üstünə düşən Laçın şəhərinə və rayonun Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabux kəndlərinə Rusiya sülhməramlı kontingenti nəzarət edib.
2022-ci il avqustun 11-də Laçın şəhəri və rayonun kəndlərindən yan keçən yeni yolun inşası bitib, avqustun 26-da Laçın rayonunun tam azad edildiyi, avqustun 30-da Rusiya sülhməramlı kontingentinin yeni yolun mühafizəsinə keçdiyi bəyan olunub.
Yolun Ermənistandakı hissəsinin 2023-cü il aprelin 1-də tam istifadəyə veriləcəyi vurğulanır.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycan ərazilərinin altıda birini işğal edib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və bu əməliyyatlar nəticəsində əldə edilən razılaşmalarla ərazilərin böyük hissəsi azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi, Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi işğalda qalır.