2022-ci il fevralın 8-də qüvvəyə minən “Media haqqında” qanun dövlət orqanlarının (qurumlarının) çap mediası subyektinin təsisçisi olmasına məhdudiyyət qoyur. Yalnız Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və siyahısını ölkə prezidentinin müəyyən etdiyi orqanlar (qurumlar) çap mediası subyektinin təsisçisi ola bilər.
Ayda azı 1 dəfə davamlı olaraq yayımlanan, birdəfəlik tirajı 100 nüsxədən çox olan, ildə azı 12 dəfə çap olunan qəzetlər və ildə azı 2 dəfə çap olunan jurnal, toplu, bülleten və başqa nəşrlər dövri nəşr sayılır.
Sentyabrın 17-də fərman imzalayan prezident İlham Əliyev çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) siyahısını təsdiqləyib: Prezidentin İşlər İdarəsi; Elm və Təhsil Nazirliyi; Ədliyyə Nazirliyi; Müdafiə Nazirliyi; Daxili İşlər Nazirliyi; Mədəniyyət Nazirliyi; Dövlət Sərhəd Xidməti; Dövlət Neft Şirkəti; Azərbaycan Milli Elmlər Akademiyası; Dövlət İmtahan Mərkəzi.
Novator.az-ın əldə etdiyi məlumata görə, başqa dövlət orqanlarının təsis etdiyi nəşrlər fəaliyyətini davam etdirmək istəsələr, yenidən təsis olunmalıdırlar. Məsələn, yerli icra hakimiyyətlərinin orqanları kimi təsis olunmuş rayon (şəhər) qəzetləri, eləcə də nazirlik, dövlət komitələri və başqa mərkəzi icra hakimiyyəti orqanlarına bağlı nəşrlər ya təsisçilərini dəyişməli, ya da qapanmalıdır.