Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli Qərbin Cənubi Qafqaz siyasətinin yanlış olduğunu yazır. Novator.az-ın məlumatına görə, o qeyd edir ki, Qərb faktiki və hüquqi baxımdan Rusiyadan tam asılı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi İttifaqının üzvü olan, iqtisadiyyatının 70 faizi, dəmir yolları, qaz və elektrik enerjisi təminatı Kremlə bağlı, ərazisində Rusiyanın iki hərbi bazasını saxlayan Ermənistanı guya Rusiyadan ayırmaq istəyi ilə müttəfiqi olan Türkiyəni və Azərbaycanı incik salır: “Qərbin Ermənistanla bağlı son addımları elə Ermənistan dövləti üçün də böyük risk və təhdiddir. Rusiya Ermənistanı öz ərazisinə qatıb muxtar respublika elan etsə, bunun qarşısını nə ABŞ ala biləcək, nə də Avropa İttifaqı. Bu təhlükəli gedişin qarşısını yenə elə Türkiyə və Azərbaycan ala bilər.
O qədər məntiqsiz davranırlar ki, hətta coğrafiyanı belə anlaya bilmədiklərini düşünürsən. Yaxşı, tutalım, Ermənistanı Rusiyanın altından çıxardınız, bəs Qərbə yolu haradan keçir? Bölgənin Qərbə yeganə qapısı Türkiyə deyil? Ermənistan haradan Qərbə girəcək, Qərbdən dəstək alacaq?
Bölgənin Avropaya inteqrasiyasının tək yolu Türkiyədən keçir, Türkiyəsiz Rusiya bizim bölgəni udub həzm edəcək”.