İqtisadçı, Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli Ermənistanın və Azərbaycanın xarici ticarət göstəricilərini müqayisə edib: “2021-ci ildə Ermənistanın xarici ticarət dövriyyəsi 8 milyard 379 milyon dollar olub. Bunun 3 milyard 22 milyon dolları ixrac, 5 milyard 357 milyon dolları idxaldır. Ticarət balansında mənfi saldo 2 milyard 250 milyon dollara yaxınlaşıb. Bu problemin Ermənistan dramına təsirlərini azaldan əsas faktorlardan biri Rusiyada yaşayan ermənilərin ölkəyə göndərdiyi pullardır.
2021-ci ildə Ermənistanın üç ən böyük ticarət tərəfdaşı bu ölkələrdir: Rusiya, Çin, İran. Maraqlı siyahıdır. Hər üç dövlətin Qərblə münasibətlərini ayrıca izah etməyə ehtiyac yoxdur.
2021-ci ildə 8,3 milyard dollarlıq ticarət dövriyyəsinin 2,6 milyard dolları Rusiyanın payına, 503 milyon dolları İranın payına düşüb (Çini nəzərə almadım, bütün ölkələrdə Çinin payı var, olmalıdır).
2021-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 33 milyard 912 milyon dollar göstərilib. Bunun 22 milyard 206 milyon dolları ixrac, 11 milyard 705 milyon dolları idxal kimi rəsmiləşib. Ticarət dövriyyəsinin müsbət balansı 10 milyard 500 milyon dollar təşkil edib (İxracımızın 90 faizi enerji daşıyıcılarıdır, amma bu, başqa söhbətin mövzusuzdur).
2021-ci ildə Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələr (Çini nəzərə almadan) İtaliya, Türkiyə, Rusiya, Almaniya, İsrail olub. İran heç ilk 15 ölkə sırasında belə yer almayıb.
Azərbaycanın xarici ticarətinin az qala yarısı Avropa İttifaqı ölkələri ilə, Türkiyə, İsrail və ABŞ-ı da saysaq, 80 faizi Qərb dövlətləri ilədir. Ölkəyə qoyulan investisiyaların 80 faizindən çoxu Qərb ölkələri və Türkiyənin payına düşür. Azərbaycanın bütün kommunikasiya xətləri Türkiyə üzərindən Qərbə bağlıdır”.