Sentyabrın 16-sı Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başlayıb. Fəxri qonaqlar arasında Azərbaycan prezidenti İlham Əliyev də yer alır.
Dövlət başçısı çıxışında Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarından danışıb: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə töhfələr verib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və 25 milyon tona qədər artırıla bilər.
Bu ilin yeddi ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb.
Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir.
Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib.
Azərbaycan 18 təyyarə ilə regionda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı 7-dən 9-a çatdırılacaq.
2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq.
Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq.
Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətdi. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə aldı. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
AZƏRTAC-ın arayışına görə, 2001-ci ildə Çinin Şanxay şəhərində təsis olunan qurumun 8 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan), 4 müşahidəçi üzvü (Əfqanıstan, İran, Monqolustan, Belarus), 9 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı) var. İranın təşkilatın üzvlüyünə qəbul edilməsi, Misir, Qətər və Səudiyyə Ərəbistanının dialoq tərəfdaşı statusu almasına dair siyasi qərarlar qəbul olunub.