Ermənistan parlamentinin müxalif kəsimi baş nazir Nikol Paşinyanı hakimiyyətdən salmaq təşəbbüsü göstərir. Bu istək necə reallaşa bilər?
Novator.az bildirir ki, Ermənistan Konstitusiyasının 115-ci maddəsinə görə, baş nazirə etimadsızlıq təşəbbüsünü parlament üzvlərinin azı üçdə biri, özü də baş nazir postuna namizəd göstərmək şərti ilə qaldıra bilər.
Ermənistan parlamenti 107 deputatdan ibarətdir, etimadsızlıq təşəbbüsü üçün 36 səs gərəkdir.
Etimadsızlıq qərarının layihəsi 48 saatdan tez, 72 saatdan gec olmayaraq parlamentdə səsverməyə çıxarılmalıdır. Səsvermə adbaad keçirilir və etimadsızlıq qərarının qəbulu – baş nazirin hakimiyyətdən götürülməsi üçün parlament üzvlərinin sadə səs çoxluğu tələb olunur. İndiki halda bu, 54 səs deməkdir.
Baş nazirə etimadsızlıq təşəbbüsünü onun təyinatından azı bir il keçəndən sonra qaldırmaq mümkündür.
Etimadsızlıq qərarı qəbul olunmazsa, təkrar təşəbbüs altı aydan tez qaldırıla bilməz.
Fövqəladə və hərbi vəziyyətlər dövründə baş nazirə etimadsızlıq təşəbbüsü qaldırmaq yasaqdır.
1975-ci il təvəllüdlü Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasının lideridir. O, baş nazir postuna 2018-ci il mayın 8-də inqilab dalğasında gəlib, 2018-ci il dekabrın 9-da və 2021-ci il iyunun 20-də keçirilmiş parlament seçkilərində qalib olub.
Parlamentdə Vətəndaş Sazişi Partiyasının 71, müxalif qüvvələrin – Ermənistan blokunun 29, “Qürurluyam” blokunun 6 mandatı var. 1 deputat partiyasızdır.
Müxalif qüvvələr sabiq prezidentlər, Azərbaycan torpaqlarının işğalına başçılıq etmiş Robert Köçəryan və Serj Sərkisyana bağlıdır.