Böyük Britaniyanın “The Guardian” qəzeti Azərbaycan-Ermənistan sərhədindəki son qanlı toqquşmalara toxunub.
Sentyabrın 12-si gecə və sentyabrın 13-ü səhər Azərbaycan-Ermənistan sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində qanlı döyüşlər gedib. Azərbaycan Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusunun şəhid olduğu açıqlanıb. Ermənistanın hərbi itkiləri 49 nəfər göstərilir.
Novator.az-ın məlumatına görə, “The Guardian” yazır ki, son toqquşmalar beynəlxalq ictimaiyyəti təkcə doğurduğu humanitar fəlakətlərlə əlaqədar deyil, başqa səbəblərdən də narahat edir.
Azərbaycandan Türkiyəyə, oradan da Avropaya və dünyanın başqa bazarlarına neft-qaz nəql olunduğunu yada salan “The Guardian” Cənubi Qafqazı həm də mühüm nəqliyyat yolu kimi xarakterizə edir, regional güclərin, o cümlədən Rusiya, Türkiyə və İranın bölgəyə müxtəlif həcmdə sərmayələr yatırdığına diqqət çəkir.
Qəzet yazır ki, Ermənistan-Azərbaycan münaqişəsinin nə ilə nəticələnəcəyini bilmək olmur, bu məsələdə qeyri-müəyyənlik hökm sürür: “Türkiyə birmənalı şəkildə türkdilli Azərbaycanı dəstəkləyir. Rusiya isə təhlükəsizlik sahəsində Ermənistanla müttəfiqdir, baxmayaraq ki, hər iki dövlətə – Azərbaycana da, Ermənistana da silah satır.
Moskva ilə Ankara arasında Suriya və Liviya da daxil olmaqla dünyanın müxtəlif yerlərində hərbi əməliyyatlara təsir etmək uğrunda mübarizə gedir.
Həm də Moskva Qarabağ münaqişəsində maraqlıdır. Üstəlik, Rusiya Ukraynada döyüşlərdə iştirak edir. Bütün bunlar Cənubi Qafqaz böhranına münasibətdə qeyri-müəyyənliyi daha da artırır”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycan ərazilərinin altıda birini işğal edib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və bu əməliyyatlar nəticəsində əldə edilən razılaşmalarla ərazilərin böyük hissəsi azad olunub.
Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiya sülhməramlı kontingenti nəzarət edir.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi, Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi işğalda qalır.
Mənbə: Theguardian.com