Sentyabrın 13-də Bakı Apellyasiya Məhkəməsi jurnalist Əvəz Zeynallının həbsindən verilmiş şikayətə baxıb. “Turan”ın məlumatına görə, şikayət, həmçinin həbsin başqa qətimkan tədbirinə dəyişdirilməsi barədə vəsatət təmin olunmayıb.
Əvəz Zeynallı, eləcə də vəkil Elçin Sadıqov sentyabrın 10-u Bakıda tutulub. Sentyabrın 11-nə keçən gecə Binəqədi Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Baş Prokurorluğun İstintaq İdarəsi jurnalisti külli miqdarda rüşvət almaqda, vəkili bu işdə ona köməklikdə ittiham edir. Rəsmi iddiaya görə, jurnalist məhbus iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat alıb.
2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin həbs etdiyi Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri olub. Ona vəzifə səlahiyyətlərindən ağır nəticələrə səbəb olan sui-istifadə, xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə, külli miqdarda ziyan vurmaqla dələduzluq ittihamları verilib.
Əvəz Zeynallı və Elçin Sadıqov Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanırlar.
1969-cu il təvəllüdlü Əvəz Zeynallı “Xural” internet televiziyasının qurucusudur. O, 2011-2014-cü illərdə külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınma ittihamı ilə həbsdə olub.
Elçin Sadıqov 2007-ci ildən vəkillik fəaliyyəti ilə məşğul olub, əsasən siyasi motivlərlə tutulmuş şəxslərin müdafiəçisi kimi tanınıb.