Dövlət Statistika Komitəsi yeni hesabatlar yayıb. Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 84 milyard 880,4 milyon manatlıq, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub, neft-qaz sektorunda 2 faiz geriləmə, qeyri neft-qaz sektorunda 10,3 faiz yüksəliş qeydə alınıb.
Əhalinin hər nəfərinə düşən ÜDM 8440,1 manat göstərilir.
Hesabata əsasən, müəssisələr və fərdi sahibkarlar səkkiz ayda 56,1 milyard manatlıq, 2021-ci ilin yanvar-avqust aylarına nəzərən 0,1 faiz az sənaye məhsulu istehsal edib. Neft-qaz sektorunda məhsul istehsalının 1,6 faiz azaldığı, qeyri neft-qaz sektorunda 9 faiz artdığı vurğulanır.
Başqa məlumata görə, yanvar-avqust aylarında əsas kapitala 9 milyard 117 milyon manat məbləğində, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz çox vəsait yönəldilib, neft-qaz sektorunda investisiyalar 13,1 faiz azalıb, qeyri neft-qaz sektorunda 22,5 faiz artıb.