Ukraynanın uğurlu əks-hücumu ölkənin işğal olunmuş ərazilərinin Rusiyaya birləşdirilməsi üçün “referendum”ların keçirilməsi planını pozub. Xəbəri redaksiyası Latviyada yerləşən, rusiyalı mühacir jurnalistlərin idarə etdiyi Meduza.io saytı yayıb.
Novator.az xatırladır ki, Rusiya Ukraynanın işğal etdiyi ərazisini qanunsuz referendumla özünə birləşdirmək metodundan bir dəfə yararlanıb. 2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyəndən dərhal sonra Rusiya ordusu Ukraynanın Krım yarımadasını zəbt edib. Martın 16-da Krımın Rusiyaya birləşməsi üçün qanunsuz referendum keçirilib. Krımın hakim dairələri əhalinin guya 96,77 faizinin Rusiyaya birləşməyə razı olduğunu bəyan edib. Martın 18-i Kremldə Krım Muxtar Respublikası və yarımadanın cənub-qərbindəki Sevastopol şəhərinin Rusiyaya birləşməsi haqqında razılaşma imzalanıb.
Qərb ölkələri bu ilhaqı tanımayıb və Rusiyaya sanksiyalar tətbiq edib. Ukrayna parlamenti isə 20 fevral 2014-cü ili rəsmən Krımın müvəqqəti işğal tarixi elan edib.
2014-cü ildə Rusiya Krımı zəbt edib özünə birləşdirməklə bərabər Ukraynanın Donbas bölgəsinin bir hissəsində iki separatçı rejim də qurub. 2022-ci il fevralın 21-də Rusiya “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adları verilmiş həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlara başlayıb. Nəticədə Ukraynanın şərqində və cənubunda başqa ərazilər də işğal altına düşüb.
Meduza.io-nun yazdığına görə, Rusiya Donetsk və Luqansk rejimlərini, həmçinin son müharibədə işğal etdiyi Zaporojye, Xarkov və Xerson vilayətlərinin bir hissəsini özünə birləşdirmək üçün qanunsuz referendumlar keçirmək planı qurub. Ehtimala görə, “referendum”ları Rusiyada Milli Birlik Günü kimi qeyd edilən gün – noyabrın 4-də keçirmək nəzərdə tutulub.
Lakin Meduza.io vurğulayır ki, son günlər Ukrayna ordusunun uğurlu əks-hücuma keçməsi, bəzi əraziləri azad etməsi bu planı pozub.
Saytın yazdığına görə, artıq Kreml “referendum”ların təşkili məqsədilə işğal olunmuş ərazilərə ezam etdiyi siyasi texnoloqların əksərini geri çağırıb. Ancaq bunu Moskvanın öz niyyətindən əl çəkməsi saymaq olmaz.
Mənbə: Meduza.io