Novator.az jurnalist Əvəz Zeynallı ilə vəkil Elçin Sadıqovun həbsinə reaksiyalara nəzər salıb.
Hər iki şəxs sentyabrın 10-u Bakıda tutulublar, sentyabrın 11-nə keçən gecə Binəqədi Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Baş Prokurorluğun İstintaq İdarəsi jurnalisti külli miqdarda rüşvət almaqda, vəkili bu işdə ona köməklikdə ittiham edir. Sentyabrın 7-dən yayılan iddialara görə, jurnalist məhbus iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat alıb.
2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin həbs etdiyi Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri olub. Ona vəzifə səlahiyyətlərindən ağır nəticələrə səbəb olan sui-istifadə, xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə, külli miqdarda ziyan vurmaqla dələduzluq ittihamları verilib.
Əvəz Zeynallı və Elçin Sadıqov Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanırlar.
Bir qrup hüquq müdafiəçisi və jurnalist (Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Hilal Məmmədov, Elçin Həsənzadə, Sevinc Sadıqova, Mehman Əliyev) prezident İlham Əliyevə müraciət edərək Əvəz Zeynallı və Elçin Sadıqov barəsində qətimkan tədbirinin dəyişdirilməsinə yardım göstərməyə çağırıb. Müraciətdə qeyd olunur ki, hər iki şəxs tanınmış ictimai xadimlər, öz sahəsinin peşəkarları, hörmətə layiq, müstəqil Azərbaycanın təşəkkülü üçün çox iş görmüş adamlardır: “Qətimkan tədbirinin dəyişdirilməsinə, baş verənlərin şəffaf və ədalətli araşdırılmasına köməklik göstərməyinizi xahiş edirik”.
Müsavat Partiyasının başqanı Arif Hacılı yazır ki, istintaqdan yayınmaq ehtimalı olmayan iki məşhur şəxsin mediada yayılmış bir məlumat əsasında, bazar günü, gecə saatlarında həbs edilməsi işin siyasi mahiyyətini təsdiq edir: “Elçin Sadıqova, Əvəz Zeynallıya və bütün siyasi məhbuslara azadlıq!”
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu qeyd edir ki, Əvəz Zeynallı və Elçin Sadıqov öz sahəsinin peşəkarları olaraq cəmiyyətdə nüfuz qazanmış şəxslərdir, onlar şərlənərək, sifarişlə həbs olunublar: “Bu həbsə görə Əliyev rejimini şiddətlə qınayır, qətiyyətlə azadlıq tələb edirik”.
AXCP sədri Əli Kərimli həbslərə belə reaksiya verib: “Azərbaycan cəmiyyəti baş verənlərə seyrçi qalmamalıdır. Vəkilsiz qoyulan, mətbuatı məhv edilən, zorla susdurulan məhz Azərbaycan cəmiyyətidir. Azərbaycan hakimiyyətinin ölkədə repressiyaları daha da gücləndirmək, cəmiyyəti susdurmaq, qanunu və hüquq mühafizə orqanlarını rəqiblərinə və azad sözə qarşı repressiya aləti kimi istifadə etmək siyasətinə hamılıqla etiraz etməliyik”.
1969-cu il təvəllüdlü Əvəz Zeynallı Ankara Dövlət Universitetini bitirib. “Günaydın”, “P.S.”, “Millətin səsi” qəzetlərinin yazarı, “Vətəndaş həmrəyliyi” qəzetinin baş redaktoru olub. 2002-ci ildə “Xural” qəzetini yaradıb. 2011-ci il oktyabrın 19-da “Xural”ın əmlakı məhkəmə iddiaları üzrə çıxarılmış qərarlara görə müsadirə olunub. Ertəsi gün qəzetin nəşri dayanıb. Oktyabrın 28-də Əvəz Zeynallı həbs edilib. Külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilən Əvəz Zeynallı 2014-cü il dekabrın 30-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.
2015-ci ildə Əvəz Zeynallı “Xural” internet televiziyasını təsis edib.
Elçin Sadıqov 2007-ci ildən vəkillik fəaliyyəti ilə məşğul olub, əsasən siyasi motivlərlə tutulmuş şəxslərin müdafiəçisi kimi tanınıb.