Müstəqil siyasətçi Azər Qasımlı siyasi partiyalar qanununu yeniləmək təşəbbüsünə münasibət bildirib. Novator.az-ın məlumatına görə, o yazır ki, prezident İlham Əliyev Ukrayna müharibəsindən sonrakı dövrə hazırlaşır: “Getmək istədiyi yol siyasi meydanı qapatmaq və siyasətə yeni insanların gəlişini əngəlləməkdir. “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsində əsas hədəf yeni siyasi partiyaların yaranmasının və siyasi meydana yeni siyasətçilərin gəlişinin qarşısını almaq, “yeni siyasi konfiqurasiya” kimi təqdim olunan siyasi modeli möhkəmlətməkdir.
Azərbaycan prezidenti seçilmək üçün ölkədə 10 ildən artıq daimi yaşamaq bəs elədiyi halda partiya yaratmaq üçün 20 il daimi yaşamaq tələbi qoymaq… Sanki iqtidar siyasi potensialı və perspektivi olan adamların siyahısını tutub, onların tərcümeyi-halını öyrənib və belə bir nəticəyə gəlib. Partiyanın qeydiyyata alınması üçün tələb olunan üzv sayını min nəfərdən on min nəfərə qaldırmaqla həm işləri çətinləşdirməyə, həm də bizləri həvəsdən salmağa çalışır.
İqtidarın növbəti addımı konstitusiyada dəyişikliklər edib parlament seçkisində 100 faiz proporsional sistemin tətbiqi ola bilər. Bununla da müstəqil (partiya üzvü olmayan) siyasətçilərin, siyasi fəalların seçki yolu qapadılacaq. Bir tərəfdən partiya yaratmağın, digər tərəfdən seçkidə iştirakın yolu bağlanır.
Proseslər çox sürətlə cərəyan edir. Gələn il həm dünyada, həm bölgəmizdə dəyişikliklər ehtimalı yüksəkdir. Türkiyədə prezident seçkisi, Ukrayna müharibəsində gözlənən yeniliklər, ölkə daxilində sosial gərginliyin artması siyasi aktivliyə səbəb olacaq. İlham Əliyev bilir ki, Azərbaycan Belarusla bərabər postsovet məkanında dəyişikliklərə hamilə olan əsas ölkədir. Ona görə indidən bizi ruhdan salmaq istəyir.
Siyasətə yeni nəslin və yeni qanın gəlişini təşviq etmək əvəzinə siyasətin yolunu qapatmağa, siyasi prosesləri dar çərçivəyə salmağa çalışırlar, bununla da peşəkar siyasətçilərin yetişməsinə mane olmaq istəyirlər.
Bir sözlə, partiyalar qanunun yeni layihəsi antimillidir. Bu qanunla Azərbaycanı siyasi keyfiyyətsizlik bataqlığına salmağa cəhd edəcəklər. Xalq olaraq bu bataqlığa düşməmək üçün diriliyimizi saxlamalı və ruhdan düşməməliyik”.
Azər Qasımlı 1975-ci ildə doğulub. Dövlət İdarəçilik Akademiyasında, Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alıb.
Türkiyənin Mərmərə Universitetində magistr dərəcəsinə, Moskva Dövlət Universitetində siyasət üzrə fəlsəfə doktoru dərəcəsinə yiyələnib.
2005-2010-cu illərdə Almaniya, Estoniya və Rusiyada biznes layihələri həyata keçirib.
Respublikaçı Alternativ Hərəkatı İdarə Heyətinin üzvü, Respublikaçı Alternativ Partiyası Məclisinin başqanı olub. 2019-cu ilin noyabr ayından müstəqil siyasi fəaliyyət göstərir.
Partiyaların yeni qanunu: layihə dərc edildi
“Siyasi partiyalar haqqında” qanun (Layihə)