Sentyabrın 7-də “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsi açıqlanıb. Milli Məclisin təqdim etdiyi layihənin ən diqqət çəkən məqamı partiyaların dövlət qeydiyyatına alınması şərtinin ağırlaşmasıdır.
Novator.az bildirir ki, 1992-ci il iyunun 3-də qəbul edilmiş indiki qanuna görə, siyasi partiyanın qeydə alınması üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır. Yeni qanunun layihəsi dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10000 üzvü olmasına hökm edir. Keçid müddəalarda isə qeyd olunur ki, yeni qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiyalar 90 gün müddətində üzvlərinin sayını 10000 min nəfərə çatdırmalı, üzvlərinin reyestrini hazırlayıb icra hakimiyyəti orqanına təqdim etməlidir. Əks halda partiyanın ləğvi üçün məhkəmə iddiası qaldırıla bilər.
Bu, dövlət qeydiyyatındakı partiyaların yenidən qeydiyyata alınması prosesinin işə düşməsi deməkdir. “Siyasi partiyalar haqqında” yeni qanunun 2022-ci il noyabrın 1-də qüvvəyə minməsini fərz etsək, dövlət qeydiyyatında olan partiyalar ya 2023-cü il fevralın 1-dək üzvlərinin sayını 10000 nəfərə çatdırmalı, ya da qeydiyyatını itirməlidir. Halbuki Azərbaycan Konstitusiyasının 149-cu maddəsinə (Normativ hüquqi aktlar) görə, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.
Azərbaycanda partiyaların dövlət qeydiyyatına Ədliyyə Nazirliyi məsuldur. Qeydiyyat illəri belə rəsmiləşib:
1992-ci il – Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Ana Vətən Partiyası, Milli Demokrat İdrak Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Müsavat Partiyası, Birlik Partiyası, Yeni Azərbaycan Partiyası;
1993-cü il – Vahid Azərbaycan Milli Birlik Partiyası, Vahid Azərbaycan Partiyası (2020-ci ildən rəsmən Ağ Partiya kimi tanınıb), Demokratik Azərbaycan Dünyası Partiyası (2020-ci ildən Milli Həmrəylik Partiyası adlanır), Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Ümid Partiyası, Qorqud Partiyası;
1994-cü il – Azərbaycan Kommunist Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası;
1995-ci il – Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası;
1998-ci il – Sosial Ədalət Partiyası, Milli Konqres Partiyası, Vəhdət Partiyası;
1999-cu il – Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası;
2000-ci il – Azərbaycan Demokrat Partiyası, Azərbaycan Mübarizləri Partiyası;
2002-ci il – Ədalət Partiyası, Milli Vəhdət Partiyası, Müasir Müsavat Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası;
2005-ci il – Böyük Quruluş Partiyası, Azadlıq Partiyası, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Tərəqqi Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Təkamül Partiyası, Vətəndaş Birliyi Partiyası;
2007-ci il – Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası;
2008-ci il – Azərbaycan Milli Demokrat Partiyası;
2009-cu il – Aydınlar Partiyası;
2011-ci il – Milli Dirçəliş Hərəkatı Partiyası;
2020-ci il – Azad Demokratlar Partiyası, Yeni Zaman Partiyası, Cümhuriyyət Xalq Partiyası, Müstəqil Xalq Partiyası, Milli Cəbhə Partiyası, Respublikaçı Alternativ Partiyası, Gələcək Azərbaycan Partiyası;
2021-ci il – Azərbaycan Yüksəliş Partiyası, Haqq-Ədalət Partiyası;
2022-ci il – Yeni Yol Partiyası, Azad Vətən Partiyası.