AXCP sədri Əli Kərimli özünün “Facebook” səhifəsində “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsinə münasibət bildirib. Novator.az-ın məlumatına görə, siyasətçi yazır ki, partiyalar qanununa real müxalifət partiyasını ləğv etmək, fəaliyyətini dayandırmaq və qeydə almamaq üçün mexanizmlər daxil etmək birbaşa dövlət başçısı İlham Əliyevin göstərişidir, hədəfin də hansı partiya olduğu bilinir: “Ölkədə elə bir prinsipial, mübariz, fədakar, gücünü xalqdan alan müxalifət var ki, Əliyev rejimi azad seçkiləri, sərbəst toplaşmaq azadlığını, azad mətbuatı ləğv etdikdən sonra belə həmin real müxalifətlə rəqabətdən qorxur. Belə bir təşkilatlanmış alternativin varlığını özü üçün təhlükə sayır, müxalif partiyanın fəaliyyətini qadağan etməyə hazırlaşır. Ancaq bu dəfə də nəticə əldə edə bilməyəcək. Tam əksinə, qarşısında başdan-başa müxalifət olmuş xalqı görəcək!”
Hazırda dövlət qeydiyyatında olan 60 siyasi partiyanın fəaliyyəti 1992-ci il iyunun 3-də qəbul edilmiş qanunla tənzimlənir. Qanuna görə, siyasi partiyanın qeydə alınması üçün Azərbaycanın azı 1000 vətəndaşı onun üzvü olmalıdır.
“Siyasi partiyalar haqqında” yeni qanunun layihəsi sentyabrın 7-də dərc edilib. Layihəyə görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Partiyanın dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10000 üzvü olmalıdır. Bu norma indi qeydiyyatda olan partiyalara da şamil ediləcək.
AXCP 1995-ci ildə, 1989-cu ildə yaradılmış Azərbaycan Xalq Cəbhəsinin bazasında qurulub, həmin il dövlət qeydiyyatına alınıb.
Əli Kərimli 1965-ci ildə doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Milli azadlıq hərəkatının öncül şəxslərindəndir.
Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993-cü illər) əvvəl Prezident Aparatının şöbə müdiri, sonra dövlət katibi vəzifələrində çalışıb.
1993-cü ildən AXC sədrinin müavini, daha sonra birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. AXCP-yə 2000-ci ildən rəhbərlik edir, sədr postuna 2001-ci ildə seçilib. 2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvüdür.