Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu gerçək müxalifətin tam ləğvinə hazırlıq görüldüyü qənaətindədir. Novator.az-ın məlumatına görə, o, “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsindəki bəzi məqamlara nəzər salaraq yazır: “Siyasi partiyaların dövlət qeydiyyatına alınmadan fəaliyyətini yasaqlamaq, partiyanın qeydiyyatı üçün imza sayını 1000-dən 10000-ə qaldırmaq planlaşdırılır, siyasi partiyanı Azərbaycanda son 20 il daimi yaşayan azı 200 vətəndaşın təsis etməsi tələbi qoyulur, ardıcıl iki ümummilli seçkiyə qeydə alınmış namizədi ilə qatılmayan partiyanın ləğvi mexanizmi təklif olunur”.
ADR Partiyası 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılıb. Təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib, sənədlər noyabrın 11-də dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə təqdim edilib, ancaq partiya hələ də qeydiyyatsızdır.
Qubad İbadoğlu 1971-ci ildə doğulub. İqtisad elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetində və dünyanın bir çox ölkəsinin ali məktəbində dərs deyib, hazırda London İqtisadiyyat Məktəbinin professorudur.
ADR Partiyasının rəhbərliyində Adil Qeybulla, Arifə Hüseynli, Ellada Məmmədli, Ədalət Yusub, Əlövsət Sadıqlı, Əlövsət Talışxanlı, Hüseyn Məlik, Rafiq Abdullalı, Rövşən Dəmirli, Rüfət Əliyev, Rüfət Muradlı, Samir Abbaslı və başqa şəxslər yer alır.
Sentyabrın 7-də, “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsi açıqlanan gün şərh yayan Qubad İbadoğlu qeyd edir ki, görünür, siyasi hakimiyyət ADR Partiyasından qorxur, onu özünə təhlükə sayır, qeydiyyata almamaqdan və fəaliyyətini qadağan etməkdən ötrü siyasi partiyalar qanununu dəyişir, mürtəce, konstitusiyaya zidd sənədə qol qoyur.
Siyasətçi düşünür ki, yeni qanun təşəbbüsünün məqsədlərindən biri ADR Partiyasını siyasi səhnədən kənarlaşdırmaq, qeydə almamaq, bunlar mümkün olmasa, onu sədrlikdən məhrum etməkdir.
Partiyaların yeni qanunu: layihə dərc edildi