Respublikaçı Alternativ Partiyasının funksioneri, iqtisadçı Natiq Cəfərli Rusiya – Çin münasibətlərinin sürətlə sıxlaşdığını yazır: “2022-ci ilin yanvar-avqust aylarında iki ölkənin ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 31 faiz artaraq 117,2 milyard dollara çatıb. İlin yekununda ticarət dövriyyəsinin tarixi maksimuma – 170 milyard dollara yüksəlməsi gözlənir.
Qərbin daimi qorxulu yuxusu Rusiya ilə Çinin yaxınlaşması idi, amma son illər bu yaxınlaşmanın baş verməsi üçün hər şeyi də Qərb elədi. Böyük strateji səhvdir.
Dünyadakı son geosiyasi gərginlikdən ən çox udan ölkə Çindir, Rusiyanı öz xammal bazasına çevirir. Rusiyanın Çindən asılılığı artdıqca rəsmi Pekin daha ucuz və daha çox resurs əldə edir, bu da Pekinin yaxın illərdə dünyanın əsas iqtisadiyyatı olmasına kömək edəcək.
Çin köntöy, sırf gücə hesablanan aqressiv siyasət yürütmür, zamana oynayır və iqtisadi ekspansiyaya üstünlük verir. İdeoloji baxımdan cəlbedici deyil, başqa “planetdir”, nə mədəni, nə də siyasi şəbəkə qurmağa hekayəsi var, amma müxtəlif ölkələrdə əhali yerləşdirməklə əraziləri Rusiya kimi axmaqcasına “hərbi-hüquqi” deyil, iqtisadi olaraq ələ keçirir. Rusiya hələ də anlamır ki, tarixi perspektivdə ona ən böyük təhlükə Qərb deyil, məhz Çindir – Baykal gölündən tutmuş Amur çayı boyu və Kamçatkaya qədər əraziləri sakitcə, iqtisadi həzm siyasəti ilə nəzarətə götürəcək. Çin üçün həmin ərazilərin hüquqi cəhətdən hansı dövlətə məxsus olmasının heç bir əhəmiyyəti yoxdur, Kreml vəhşi işğalı, Pekin isə iqtisadi dominantlığı hədəf seçib.
Qərbin son 30-40 ildəki komfortlu yaşayışı və iqtisadi yüksəlişi həm də Rusiyanın resurslarına görə idi – indi öz əlləri ilə xammal bazasını Çinə təslim edirlər, görəsən, sonra Çinin yüksəlişinə tab gətirə biləcəklərmi? Qlobal geosiyasətdə yaxın 10-15 ilin əsas sualı bu olacaq”.