Bakı İnzibati Məhkəməsi siyasətçi İsa Qəmbərin şikayəti üzrə hazırlıq iclası təyin edib. Novator.az-ın məlumatına görə, proses sentyabrın 12-də start götürür.
Şikayət ərizəsində siyasətçinin əmək pensiyası hüququnun pozulduğu qeyd edilir, bildirilir ki, İsa Qəmbərə xüsusi şərtlərlə əmək pensiyası düşür. Bakı İnzibati Məhkəməsindən Dövlət Sosial Müdafiə Fondunun boynuna “Əmək pensiyaları haqqında” qanuna riayət etmək, Milli Məclisin sədri olmuş İsa Qəmbərə sədrin əməkhaqqının 80 faizi qədər əmək pensiyası kəsmək öhdəliyi qoyulması istənib.
Parlament sədrinin aylıq vəzifə maaşı 3550 manatdır. Bu məbləğin 80 faizi 2840 manat edir.
Mayın 11-də İsa Qəmbərə yaşa görə 180 manat müavinət kəsilib. Dövlət Sosial Müdafiə Fondu bəyan edib ki, qanun pensiya hüququ üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (hazırda 34560 manatdır) şərti qoyur, İsa Qəmbərin sənədləri bu şərtlərə uyğun gəlməyib.
İsa Qəmbər pensiya yaşına – 65 yaşa 2022-ci il fevralın 24-də çatıb.
1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindən biridir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.
İsa Qəmbər 1992-2014-cü illərdə Müsavatın başqanı olub, hazırda partiya Məclisinin üzvü, Milli Strateji Düşüncə Mərkəzinin sədridir.
Sabiq dövlət başçısına 180 manat…