Milli Məclis “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsini dərc edib.
Novator.az bildirir ki, layihəyə görə, siyasi partiyaların bu məqsədlə təsis edilməsinə və fəaliyyətinə yol verilmir: Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edilməsi; terrorçuluğun, dini ekstremizmin, zorakılığın və qəddarlığın, habelə irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin, həmçinin sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliği; irqi, dini və ya etnik düşmənçiliyin salınması.
Azərbaycan ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və fəaliyyətinə yol verilmir.
Ölkənin Silahlı Qüvvələrində, dövlət orqanlarında (qurumlarında), yerli özünüidarəetmə orqanlarında, təhsil müəssisələrində, həmçinin mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq yaratdığı hüquqi şəxsdə, onun və xarici hüquqi şəxsin filialında, nümayəndəliyində siyasi partiyaların təsis edilməsi və fəaliyyəti qadağandır.
Siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir.
Partiyanın qərargahı Azərbaycanda yerləşməlidir.
Layihəyə əsasən, siyasi partiyanı Azərbaycan ərazisində son 20 il daimi yaşayan tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı təsis edir.
Dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10000 üzvü olmalıdır.
Siyasi partiya fəaliyyətini müvəqqəti dayandıra bilər. Bu barədə qərarı (fəaliyyətin dayandırıldığı müddət dəqiq göstərilməklə) siyasi partiyanın qurultayı qəbul edir.
Apellyasiya məhkəməsi icra hakimiyyəti orqanının iddiası əsasında partiyanın fəaliyyətini 1 il müddətinə dayandıra bilər.
Hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyanın fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət dövrü başa çatanadək dayandırıla bilər.
Siyasi partiya qurultayın və ya məhkəmənin qərarı əsasında ləğv edilə bilər.
Siyasi partiyanın sədri və sədr müavinləri yalnız Azərbaycan ərazisində son 20 il daimi yaşayan partiyanın üzvləri sırasından seçilə bilər.
Hazırda dövlət qeydiyyatında olan 60 siyasi partiyanın fəaliyyəti 1992-ci il iyunun 3-də qəbul edilmiş qanunla tənzimlənir. Qanuna görə, siyasi partiyanın qeydə alınması üçün Azərbaycanın azı 1000 vətəndaşı onun üzvü olmalıdır.
Partiyaların qeydiyyat illəri:
1992-ci il – Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Ana Vətən Partiyası, Milli Demokrat İdrak Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Müsavat Partiyası, Birlik Partiyası, Yeni Azərbaycan Partiyası;
1993-cü il – Vahid Azərbaycan Milli Birlik Partiyası, Vahid Azərbaycan Partiyası (2020-ci ildən rəsmən Ağ Partiya kimi tanınıb), Demokratik Azərbaycan Dünyası Partiyası (2020-ci ildən Milli Həmrəylik Partiyası adlanır), Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Ümid Partiyası, Qorqud Partiyası;
1994-cü il – Azərbaycan Kommunist Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası;
1995-ci il – Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası;
1998-ci il – Sosial Ədalət Partiyası, Milli Konqres Partiyası, Vəhdət Partiyası;
1999-cu il – Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası;
2000-ci il – Azərbaycan Demokrat Partiyası, Azərbaycan Mübarizləri Partiyası;
2002-ci il – Ədalət Partiyası, Milli Vəhdət Partiyası, Müasir Müsavat Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası;
2005-ci il – Böyük Quruluş Partiyası, Azadlıq Partiyası, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Tərəqqi Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Təkamül Partiyası, Vətəndaş Birliyi Partiyası;
2007-ci il – Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası;
2008-ci il – Azərbaycan Milli Demokrat Partiyası;
2009-cu il – Aydınlar Partiyası;
2011-ci il – Milli Dirçəliş Hərəkatı Partiyası;
2020-ci il – Azad Demokratlar Partiyası, Yeni Zaman Partiyası, Cümhuriyyət Xalq Partiyası, Müstəqil Xalq Partiyası, Milli Cəbhə Partiyası, Respublikaçı Alternativ Partiyası, Gələcək Azərbaycan Partiyası;
2021-ci il – Azərbaycan Yüksəliş Partiyası, Haqq-Ədalət Partiyası;
2022-ci il – Yeni Yol Partiyası, Azad Vətən Partiyası.