Qazaxıstanda növbədənkənar prezident seçkisi barədə müzakirələr gedir.
Təklifi xalqa 1 sentyabr müraciətində dövlət başçısı Qasım-Comərd Tokayev verib. O, seçkinin 2022-ci ildə keçirilməsini, həmçinin prezidentin səlahiyyət müddətinin 7 ilə qaldırılmasını, bir dəfədən artıq seçilməyə yasaq qoyulmasını istəyib.
Prezidentin səlahiyyət müddəti ilə bağlı normanın dəyişməsi üçün konstitusiyaya dəyişiklik edilməlidir. Seçki qərarının ondan sonra verilməsi gözlənir.
Növbəti prezident seçkisinin vaxtı 2024-cü ildir.
Novator.az bildirir ki, ümumxalq səsverməsində seçilən Qazaxıstan prezidentinin səlahiyyət müddəti 5 ildir. Eyni şəxs ardıcıl olaraq iki dəfədən çox prezident seçilə bilməz.
2022-ci ildə yenilənən konstitusiyaya görə, parlamentin 98 nəfərdən ibarət aşağı palatası – Məclis qarışıq (proporsional və majoritar) üsulla seçilməlidir.
Prezident parlamentin aşağı palatasının razılığı ilə baş naziri, baş nazirin təqdimatı ilə hökumət üzvlərini təyin edir. Xarici işlər, müdafiə və daxili işlər nazirlərinin təyinatı birbaşa prezidentin səlahiyyətindədir.
Qazaxıstan hökuməti prezident və parlament qarşısında cavabdehlik daşıyır. Yeni seçilmiş Məclis fəaliyyətə başlayanda hökumət istefa verir.
Qasım-Comərd Tokayev 1953-cü ildə doğulub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu və Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib, siyasi elmlər doktorudur.
Qasım-Comərd Tokayev 1975-ci ildən SSRİ Xarici İşlər Nazirliyində, ardınca ölkənin Sinqapurdakı səfirliyində çalışıb, sonra Çindəki səfirlikdə ikinci katib, birinci katib, müşavir postlarını tutub.
1992-ci ildən Qasım-Comərd Tokayev Qazaxıstan xarici işlər nazirinin müavini, 1993-cü ildən nazirin birinci müavini olub. 1994-cü ildə xarici işlər naziri postuna təyinat alıb, 1999-cu ildə əvvəl baş nazirin müavini, ardınca baş nazir vəzifəsinə keçirilib.
2002-ci ildən Qasım-Comərd Tokayev dövlət katibi-xarici işlər naziri, 2003-cü ildən xarici işlər naziri postlarında fəaliyyət göstərib, 2007-ci ildən Qazaxıstan parlamentinin yuxarı palatası olan Senata sədrlik edib.
2011-ci ildən BMT baş katibinin müavini olan Qasım-Comərd Tokayev 2013-cü ildə yenidən Senatın sədri seçilib.
2019-cu il martın 20-də Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev idarəçilikdə müəyyən səlahiyyətləri saxlamaqla istefa verib, Qasım-Comərd Tokayev prezident andı içərək dövlət başçısı kürsüsünə oturub, həmin il iyunun 9-da keçirilmiş növbədənkənar prezident seçkisində qalib gəlib.
2022-ci il yanvarın 5-də Nursultan Nazarbayev idarəçilikdən tam uzaqlaşdırılıb.