Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin fəaliyyət sahəsi böyüyür. İyulun 21-də yaradılan qurum Zəngilan rayonunda çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, çoxmənzilli binaların idarə edilməsi, habelə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərməyə məsul edilmişdi. Sentyabrın 6-da imzalanan prezident fərmanına görə, 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Cəbrayıl və Qubadlı rayonlarında da eyni işləri görəcək.
Şərqi Zəngəzur iqtisadi rayonuna Kəlbəcər və Laçın və rayonları da daxildir.
Novator.az bildirir ki, iyulun 21-də Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti yaradılmasına da fərman verilib. Bu qurum bölgənin işğaldan azad olunmuş ərazilərinə (Şuşa rayonu istisna olmaqla) cavabdehdir.
Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxildir.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub, Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiya sülhməramlı kontingenti yeridilib.
2022-ci il avqustun 26-da Laçın rayonu tam azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
19 yanvar 2021-ci ildə işğaldan azad ərazilərdə prezidentin xüsusi nümayəndəlikləri yaradılıb.
İlk nümayəndə həmin il yanvarın 27-də Şuşa rayonuna təyin edilib: Aydın Kərimov.
2021-ci il mayın 24-dən Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində (Ağdam şəhəri daxil olmaqla) prezidentin xüsusi nümayəndəsi olmuş Emin Hüseynov həmin il dekabrın 1-dən Qarabağ iqtisadi rayonunun işğaldan azad edilmiş ərazilərində (Şuşa rayonu istisna olmaqla) prezidentin xüsusi nümayəndəsidir.
2022-ci il mayın 4-də Vahid Hacıyev prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin edilib.