Azərbaycanda böhtan və təhqirə görə cinayət məsuliyyəti, o cümlədən azadlıqdan məhrumetmə cəzası var. Novator.az bildirir ki, Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma 6 ayadək, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
148-ci maddəyə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
148-1-ci maddəyə görə, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə nəticələnə bilər.
Media hüquqçusu Xalid Ağalıyev yazır ki, Azərbaycan hökumətinin Avropa Şurasının Nazirlər Komitəsinə təqdim etdiyi bilgilərə əsasən, 2016-cı ildə yerli məhkəmələrə böhtan ittihamı ilə 307 şikayət daxil olub, 5 işdə azadlıqdan məhrumetmə cəzası tətbiq edilib: “Hesabata görə, 2017-ci ildə məhkəmələrə 294 şikayət daxil olub, 2 işdə azadlıqdan məhrumetmə cəzası kəsilib. 2019-cu ildə məhkəmələrə 311 şikayət verilib, onların 1-i azadlıqdan məhrumetmə ilə nəticələnib. 2020-ci ildə böhtana görə şikayətlərin sayı 296 olub, 1 işdə azadlıqdan məhrumetmə cəzası rəsmiləşib”.
Xalid Ağalıyev həmçinin qeyd edir ki, təhqirə görə 2016-cı ildə 48 iş, 2017-ci ildə 44 iş, 2018-ci ildə 44 iş, 2019-cu ildə 75 iş, 2020-ci il 75 iş, 2021-ci ildə 66 iş məhkəməyə çıxarılıb, 2020-ci ildə 2 azadlıqdan məhrumetmə cəzası kəsilib.
Hüquqşünas əlavə edir ki, statistik bilgilər natamamdır: “Məsələn, 2021-ci ildə təhqirə və böhtana görə ən azı iki jurnalistin – Elçin Həsənov və İbrahim Salamovun azadlıqdan məhrum edildiyi bəllidir”.
2022-ci ildə siyasətçi Əli Əliyev, jurnalist, ictimai fəal Abid Qafarov böhtan və təhqirdə, bloqçu İlham Aslanoğlu təhqirdə təqsirli bilinərək həbs ediliblər.