Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, London İqtisadiyyat Məktəbinin professoru Qubad İbadoğlu dövlət xərcləri ilə bağlı şərh yayıb. Novator.az-ın məlumatına görə, o qeyd edir ki, Azərbaycanda dövlət xərcləri ilə ümumi daxili məhsul arasında münasibət optimal səviyyədə deyil: “Optimal dövlət xərci konsepsiyasına keçid istiqamətində addımların biri də büdcə xərclərinin izafi artımının qarşısını almaqdır. İzafi büdcə xərcləri iqtisadi artıma ləngidici təsir göstərir.
Bir neçə il əvvəl Azərbaycanda nazirliklərin sayını 11-ə, dövlət komitələrinin sayını 3-ə endirməyi təklif etmişdim. Təkliflərdən biri Əmək, Səhiyyə və Rifah (ƏSR) Nazirliyi yaratmaq idi. Bu halda Dövlət Sosial Müdafiə Fondu müstəqil quruma çevrilməlidir, eyni zamanda qeyri-dövlət pensiya fondlarına fəaliyyət imkanı yaradılmalıdır.
ƏSR Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasında qurulmalı, Səhiyyə Nazirliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ləğv edilərək yeni nazirliyin departamentlərinə çevrilməlidir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 2022-ci ilin büdcəsindən “idarəetmə” xərc maddəsi adı altında 5 milyon 876,7 min manat, “sosial təminat” xərc maddəsi adı altında 367 milyon 539,4 min manat, “mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər” xərc maddəsi adı altında 3,1 milyon manat, “ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi” xərc maddəsi adı altında 9 milyon 158,9 min manat, “nəqliyyat və rabitə” xərc maddəsi adı altında 1,3 milyon manat vəsait alır. Bu, ümumilikdə 387 milyon manata qədər pul deməkdir. Hesab edirəm ki, Səhiyyə Nazirliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini ləğv etməklə idarəetmə xərclərini ixtisar etmək və bu qərarla büdcə menecmentinin səmərəliliyini artırmaq mümkündür”.