ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəhbərliyi Rusiya və Çinin hazırladığı yeni növ kosmik silahlarla bağlı artan təhlükəni müzakirə etmək üçün toplantı keçirmək qərarına gəlib.
Novator.az redaksiyası Nyu-York şəhərində yerləşən, kosmos, astronomiya sahəsi üzrə ixtisaslaşmış Spase.com saytına istinadla bildirir ki, toplantının sentyabrın 6-7-də keçirilməsi qərara alınıb.
Görüşdə Rusiya və Çinin hazırladığı orbital bombardman sistemlərinin və “yer-kosmos” tipli silahların ABŞ-a törədə biləcəyi təhlükələr müzakirə olunacaq, eyni zamanda ABŞ-ın buna verməli olduğu cavablar nəzərdən keçiriləcək.
Məlumata görə, görüşdə müdafiə naziri Lloyd Ostin, nazir müavini Ketlin Hiks, Müdafiə Nazirliyinin digər vəzifəli şəxsləri, o cümlədən sabiq təhlükəsizlik əməkdaşlarından ibarət Müdafiə Siyasəti Şurasının üzvləri iştirak edəcəklər.
Pentaqon rəhbərliyinin təşəbbüs göstərdiyi bu toplantı həm Rusiya, həm də Çinin yeni kosmik texnologiyaları sınaqdan keçirməkdə olduğu vaxta təsadüf edir. Pentaqon ehtiyat edir ki, həmin texnologiyalar ABŞ-ın onları müəyyən etmək, izləmək, onlardan müdafiə olunmaq qabiliyyətini üstələyə bilər.
2021-ci ilin oktyabrında Çin Fraksiya Orbital Bombardman Sistemlərini (FOBS) sınaqdan keçirib. Analitiklərin fikrincə, FOBS mövcud erkən xəbərdarlıq sistemlərindən yan keçə və ya onlara müqavimət göstərə bilər.
Çin həmçinin geniş spektrdə peyk əleyhinə sistemləri, o cümlədən digər peykləri ələ keçirən və orbitdən çıxara bilən kosmik gəmiləri, yerüstü peyk əleyhinə raketləri, lazer tipli enerji silahlarını sınaqdan keçirir.
Rusiya da intensiv şəkildə yeni kosmik silahlar, peyk əleyhinə sistemlər, o cümlədən kosmik gəmiləri vurmaq gücündə olan peyklər düzəltməkdədir. 2021-ci ilin noyabrında Rusiyanın peyk əleyhinə raketi sınaqdan keçirməsi yüz minlərlə kosmik tullantının əmələ gəlməsinə səbəb olub. Həmin sınaq zamanı Beynəlxalq Kosmik Stansiya mümkün təhlükədən sığortalanmaq üçün manevr etmək məcburiyyətində qalıb.
ABŞ Kosmik Qüvvələrinin komandanının müavini general Devid Tompson 2021-ci ildə “Vaşinqton Post” qəzetinə bildirib ki, Amerikanın kosmik sistemlərinə çoxlu təhdid yaranıb. General Amerika peyklərinin az qala hər gün hücuma məruz qaldığını söyləyib.
Mənbə: Space.com