Media hüquqçusu Xalid Ağalıyev yazır ki, avqustun 29-da Səbail Rayon Məhkəməsi Böyük Britaniyada yaşayan vəkil Qurban Məmmədovun “Turan” informasiya agentliyi də daxil olmaqla 5 media qurumun qarşı mülki iddiasını rədd edib: “Qərar hələ tərəflərə təqdim olunmayıb, məhkəmənin əsaslandırmasından xəbərimiz yoxdur. “Turan” adından iddiaya etiraz vermişdik, məhkəmə oradakı arqumentlərə söykənib-söykənməyib, ondan da bilgisizik.
Avqustun 31-də isə Masallı Rayon Məhkəməsi Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin jurnalist Cavid Şirəliyevə qarşı xüsusi ittiham qaydasında şikayətini icraata qəbul etməyib. Bu məhkəmənin əsaslandırması da qərar hələ təqdim edilmədiyindən bəlli deyil.
Hər iki olay – medianın, jurnalistlərin yaydıqları məzmuna görə ağır cəzalandırılması tələblərinin rədd edilməsi özlüyündə çox yaxşı hadisələrdir. Ancaq təəssüf ki, bu qərarlar kövrəkdir, milli məhkəmələrimizin ifadə azadlığı hüququ ilə bağlı bərbad təcrübəsinin qətiyyən ortadan qalxması, yaxşılaşması anlamına gəlmir”.
Novator.az bildirir ki, Azərbaycanda böhtan və təhqirə görə cinayət məsuliyyəti var. Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma 6 ayadək, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
148-ci maddəyə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
148-1-ci maddəyə görə, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə nəticələnə bilər.
2022-ci ildə siyasətçi Əli Əliyev, jurnalist, ictimai fəal Abid Qafarov böhtan və təhqirdə, bloqçu İlham Aslanoğlu təhqirdə təqsirli bilinərək həbs ediliblər.