Türkiyədə 2023-cü ilin parlament və prezident seçkilərinin günü açıqlanıb: 18 iyun.
Novator.az bildirir ki, 600 nəfərlik parlamentin – Böyük Millət Məclisinin hazırda 581 üzvü var.
Ədalət və İnkişaf Partiyası 286 mandatla təmsil olunur.
Cümhuriyyət Xalq Partiyasının 134, Xalqların Demokratik Partiyasının 56, Milliyyətçi Hərəkat Partiyasının 48, Yaxşı Partiyanın 37, Türkiyə Fəhlə Partiyasının 4, Demokrat və Məmləkət partiyalarının 2, Böyük Birlik, Demokratik Bölgələr, Demokratiya və Sıçrayış, Səadət, Yenilik və Zəfər partiyalarının 1 mandatı var, 6 deputat partiyasızdır.
2001-ci il avqustun 14-də yaradılmış Ədalət və İnkişaf Partiyası 2002-ci ildən hakim siyasi qüvvədir. Partiya 3 noyabr 2002-ci ilin, 22 iyul 2007-ci ilin, 12 iyun 2011-ci ilin parlament seçkilərində qalib gələrək təkbaşına hökumət qurub.
7 iyun 2015-ci ilin seçkisində Ədalət və İnkişaf Partiyası parlamentdə mütləq çoxluq qazana bilməyib. Koalisiya danışıqları uğursuz olduğu üçün növbədənkənar seçkiyə gedilib. 1 noyabr 2015-ci ilin parlament seçkisini udan Ədalət və İnkişaf Partiyası yenə təkbaşına hökumət formalaşdırıb.
Partiyanın lideri Rəcəb Teyyub Ərdoğan 2003-cü il martın 14-dən baş nazir olub.
21 oktyabr 2007-ci ilin və 12 sentyabr 2010-cu ilin konstitusiya dəyişiklikləri referendumlarında parlament idarəçiliyi cilovlanıb.
2014-cü ildə Rəcəb Teyyub Ərdoğan ümumxalq seçkisində prezident seçilib.
2017-ci il aprelin 16-da Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub.
24 iyun 2018-ci ildə Rəcəb Teyyub Ərdoğan yenidən prezident postuna mandat alıb, həmin gün idarə üsulu dəyişib: baş nazir postu ləğv edilib, prezident həm dövlət, həm də hökumət başçısı olub.
Rəcəb Teyyub Ərdoğan 2023-cü ilin prezident seçkisində də iştirak edəcək. Seçkidə hakim partiyanın əsas müttəfiqi Milliyyətçi Hərəkat Partiyasıdır (lideri – Dövlət Baxçalı).
Cümhuriyyət Xalq Partiyası (lideri – Kamal Kılıçdaroğlu), Yaxşı Partiya (lideri – Maral Akşener), Səadət Partiyası (lideri – Təməl Qaramollaoğlu), Demokratiya və Sıçrayış Partiyası (lideri – Əli Babacan), Gələcək Partiyası (lideri – Əhməd Davudoğlu), Demokrat Partiyası (lideri – Gültəkin Uysal) seçkiyə vahid namizədlə getmək niyyətindədir.
1954-cü il fevralın 26-sı İstanbulda doğulan Rəcəb Teyyub Ərdoğan Mərmərə Universitetinin iqtisadiyyat və ticarət fakültəsini bitirib.
Siyasətlə 1976-cı ildən məşğuldur. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub.
1994-1998-ci illərdə Rəcəb Teyyub Ərdoğan İstanbul bələdiyyəsinin başçısı postunu tutub.
1999-cu ildə həbsdə yatıb.
2001-ci ildən Ədalət və İnkişaf Partiyasına sədrlik edib, 2014-cü ildə prezident seçiləndən sonra partiyadan çıxıb. 2018-ci ildə prezidentin partiya üzvü olmasına yasaq götürülüb, Rəcəb Teyyub Ərdoğan hakim qüvvənin sədrliyinə dönüb.