UEFA-nın klub turnirləri qrup raundlarının kandarına çatıb. Novator.az bildirir ki, 2022-2023 mövsümünə 54 UEFA üzvünün (Rusiya yarışlardan kənardır) ümumilikdə 233 komandası buraxılıb, Çempionlar Liqasında dörd, Avropa Liqasında bir, Konfrans Liqasında üç təsnifat mərhələsinin ardından 115 komanda mübarizəni dayandırıb, Çempionlar Liqasında 38, Avropa Liqasında 36, Konfrans Liqasında 44 komanda var. 12 UEFA üzvü, o cümlədən Qazaxıstan, Belarus, Gürcüstan, Estoniya təmsilçisiz qalıb.
Azərbaycanın tək təmsilçisi – Çempionlar Liqasında yarışan “Qarabağ” üç mərhələ aşıb, sonuncu ələmə raundunda Çexiyanın “Viktoriya” komandası ilə üz-üzə gələcək.
Çempionlar Liqasının dördüncü mərhələsində ələnən, qruplarında üçüncü yeri tutan komandalar Avropa Liqasına, Avropa Liqasının ikinci mərhələsində ələnən, qruplarında üçüncü yeri tutan komandalar Konfrans Liqasına adlayacaq.
Azərbaycan 55 üzvü olan UEFA-nın klub reytinqində 29-cu pillədə qərar tutur. Reytinq klub turnirlərində son beş mövsümdə qazanılan əmsala əsaslanır. Ələmələrdə qələbə 1 xal, heç-heçə yarım xal, qrup mərhələsində və sonrakı mərhələlərdə qələbə 2 xal, heç-heçə 1 xaldır. Qruplardan başlayaraq minimum 1, maksimum 5 bonus xalı da var. Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır. 2022-2023 mövsümündə Azərbaycan 1,875 əmsal əldə edib.