Milli Məclis “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlayır.
Hazırda dövlət qeydiyyatında olan 58 siyasi partiyanın fəaliyyəti 1992-ci il iyunun 3-də qəbul edilmiş qanunla tənzimlənir. Novator.az bildirir ki, qanuna görə, siyasi partiya vətəndaşların ölkənin siyasi həyatında, vətəndaşların siyasi iradəsinin formalaşdırılmasında və ifadə olunmasında iştirak etmək niyyəti ilə yaradılmış qeyri-kommersiya hüquqi şəxsidir.
Siyasi partiyalar ərazi əlaməti üzrə qurulur. Dövlət və yerli özünüidarəetmə orqanlarında siyasi partiyaların təşkilatlarının yerləşdirilməsinə yol verilmir.
Siyasi partiyanın qeydə alınması üçün Azərbaycanın azı 1000 vətəndaşı onun üzvü olmalıdır.
Azərbaycan ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.
Silahlı Qüvvələrdə siyasi partiyaların yaradılması və fəaliyyəti qadağandır.
Siyasi partiya təsis qurultayının keçirilməsi, həmin qurultayda siyasi partiyanın nizamnaməsinin və proqramının qəbul olunması, rəhbər və nəzarət-təftiş orqanlarının formalaşdırılması yolu ilə təsis edilir.
Siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün təsis olunduğu gündən bir ay müddətində müraciət olunur.
Siyasi partiyanın nizamnaməsində bunlar nəzərdə tutulmalıdır:
siyasi partiyanın adı, adının qısaldılmış forması, məqsədləri və vəzifələri;
siyasi partiyanın strukturu;
siyasi partiyanın üzvlüyünə qəbul olunmağın və ondan çıxmağın şərtləri və qaydası;
siyasi partiyanın üzvlərinin hüquqları və vəzifələri;
siyasi partiyanın üzvləri barəsində Azərbaycan qanunlarına zidd olmayan intizam tədbirləri və bunların tətbiqinin əsasları;
ərazi təşkilatları ilə qarşılıqlı münasibətləri;
siyasi partiyanın rəhbər orqanlarının təşkili qaydası və səlahiyyətləri, onların səlahiyyət müddətləri;
qərarların, o cümlədən siyasi partiyanın ləğvi barədə qərarın qəbul olunması, həyata keçirilməsi qaydası və nəzarət formaları;
partiya üzvlərinin və onların nümayəndələrinin yığıncağının çağırılması şərtləri, formaları və müddətləri;
Milli Məclisin, prezidentin və yerli özünüidarəetmə orqanlarının seçkiləri zamanı siyasi partiyadan nümayəndələrin irəli sürülməsi qaydası;
siyasi partiyanın orqanlarında iradənin ifadə olunması qaydası;
siyasi partiyanın üzvlərinin siyasi partiyanın rəhbər orqanlarının qərarlarından şikayət etmək qaydası;
siyasi partiyanın vəsaitinin və başqa əmlakının əmələ gəlməsi mənbələri;
siyasi partiyanın nizamnaməsinə dəyişikliklər və əlavələr edilməsi qaydası;
siyasi partiyanın fəaliyyətinə xitam verilməsi qaydası və onun əmlakının taleyi.
Səlahiyyəti müddətində bütün məhkəmələrin sədrləri, sədr müavinləri və hakimləri, insan hüquqları üzrə müvəkkil (ombudsman), hərbi qulluqçular, köməkçi-texniki heyət istisna olmaqla prokurorluq, ədliyyə, daxili işlər, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, sərhəd xidməti, gömrük, maliyyə, vergi, fövqəladə hallar, miqrasiya orqanlarının, dövlət mətbuatı orqanlarının işçiləri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvləri, baş direktoru və onun müavinləri, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri, din xadimləri siyasi partiyaların üzvü ola bilməzlər.
Siyasi partiyanın ali rəhbər orqanı siyasi partiyanın beş ildə bir dəfədən az olmayaraq keçirilən qurultayıdır.
Siyasi partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınır.
Partiya qurultayın qərarı və ya məhkəmənin qərarı əsasında ləğv edilir.
Siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Vəsaitin 5 faizi namizədləri Milli Məclisə son seçkidə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında bölünür, qalan vəsait Milli Məclisdə təmsil olunan siyasi partiyalara düşür.
Partiyalar hər il aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı təqdim etməyə borcludur.
Partiyaların qeydiyyat illəri:
1992-ci il – Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Ana Vətən Partiyası, Milli Demokrat İdrak Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Müsavat Partiyası, Birlik Partiyası, Yeni Azərbaycan Partiyası;
1993-cü il – Vahid Azərbaycan Milli Birlik Partiyası, Vahid Azərbaycan Partiyası (2020-ci ildən rəsmən Ağ Partiya kimi tanınıb), Demokratik Azərbaycan Dünyası Partiyası (2020-ci ildən Milli Həmrəylik Partiyası adlanır), Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Ümid Partiyası, Qorqud Partiyası;
1994-cü il – Azərbaycan Kommunist Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası;
1995-ci il – Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası;
1998-ci il – Sosial Ədalət Partiyası, Milli Konqres Partiyası, Vəhdət Partiyası;
1999-cu il – Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası;
2000-ci il – Azərbaycan Demokrat Partiyası, Azərbaycan Mübarizləri Partiyası;
2002-ci il – Ədalət Partiyası, Milli Vəhdət Partiyası, Müasir Müsavat Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası;
2005-ci il – Böyük Quruluş Partiyası, Azadlıq Partiyası, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Tərəqqi Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Təkamül Partiyası, Vətəndaş Birliyi Partiyası;
2007-ci il – Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası;
2008-ci il – Azərbaycan Milli Demokrat Partiyası;
2009-cu il – Aydınlar Partiyası;
2011-ci il – Milli Dirçəliş Hərəkatı Partiyası;
2020-ci il – Azad Demokratlar Partiyası, Yeni Zaman Partiyası, Cümhuriyyət Xalq Partiyası, Müstəqil Xalq Partiyası, Milli Cəbhə Partiyası, Respublikaçı Alternativ Partiyası, Gələcək Azərbaycan Partiyası;
2021-ci il – Azərbaycan Yüksəliş Partiyası və Haqq-Ədalət Partiyası.