2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 74 milyard 155,2 milyon manatlıq, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz azalıb, qeyri neft-qaz sektorunda 9,9 faiz artıb.
Əhalinin hər nəfərinə düşən ÜDM 7375,9 manat göstərilir.
Rəsmi açıqlamaya əsasən, 2021-ci ilin yanvar-iyul aylarına nəzərən 1,5 faiz çox sənaye məhsulu istehsal edilib, qeyri neft-qaz sektorunda 10,7 faiz yüksəliş qeydə alınıb.
Yeddi ayda əsas kapitala 7 milyard 301,7 milyon manat məbləğində, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz çox vəsait yönəldildiyi vurğulanır: “Neft-qaz sektoruna investisiyalar 15,5 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsait 12,5 faiz artıb”.
Qeyd olunur ki, 2022-ci il iyulun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrünə nisbətən 14,2 faiz artaraq 827,1 manata çatıb.
Başqa bir hesabata görə, yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11,7 milyard manatlıq qeyri-ərzaq malları satılıb, istehlaka xərclənən vəsaitin 51,4 faizi ərzaq məhsullarının, 4,8 faizi içkilər və tütün məmulatlarının payına düşüb.
Yanvar-iyun aylarında Azərbaycanın hüquqi və fiziki şəxslərinin 113 ölkəyə məhsul ixrac etdiyi, 151 ölkədən idxal gerçəkləşdirdiyi qeyd olunur: “2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 73,4 faiz, real ifadədə 8,1 faiz artıb. İxrac real ifadədə 14,4 faiz yüksəlib, idxal 2,9 faiz azalıb”.