Parlamentdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması işinə başlandığını nəzərə alan müxalif Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət edərək təkliflərini çatdırıb:
– “Siyasi partiyalar haqqında” yeni qanun konstitusiya, eləcə də siyasi və iqtisadi şərait dəyişilmədən qəbul olunacaqsa, ən azı Seçki Məcəlləsinə uyğun dəyişikliklər edilməlidir;
– Qüvvədə olan qanunla müqayisədə yeni qanunda məhdudiyyətlər azaldılmalıdır. Uyğunluq tələbi siyasi partiya kimi fəaliyyət göstərmək istəyən tərəflərdən daha az əmək tələb etməli, ya da daha çox əmək tələb etməməlidir;
– Dövlət qeydiyyatından keçməmiş siyasi partiya adından ictimai çıxış və fəaliyyət, onun fəaliyyətində və ya fəaliyyətinin təşkilində iştirak tənzimlənməməlidir;
– Dövlət qeydiyyatı üçün tələb olunan partiya üzvlərinin minimal sayı dəyişməməlidir;
– Partiya üzvlərinin sayının sonradan azalıb qeydiyyat üçün tələb olunan həddən aşağı düşməsi yeni qanunda partiyanın qeydiyyatının ləğvi üçün əsas kimi göstərilərsə, ən son seçkidə iştirak etmiş partiya namizədlərinin, o cümlədən parlamentdə, ya da bələdiyyədə yer alandan sonra partiyaya üzv olmuş təmsilçilərin qazandığı səslərin ümumi sayı qeydiyyat üçün tələb olunan imza sayından çox olduqda həmin qayda partiyaya tətbiq edilməməlidir;
– Dövlət qeydiyyatına alınmış partiyanın namizədləri bələdiyyə və parlament seçkilərində qeydiyyatdan keçmək üçün imza toplamaq vəzifəsindən azad olunmalıdır;
– Dövlət qeydiyyatında olan partiyanın namizədi 60 seçki dairəsinin ərazisində 60 bələdiyyə şurasının dəstəyini qazandıqda prezident seçkilərində imza toplamamalıdır;
– Son parlament, ya da prezident seçkisində partiya prezident seçkisində namizədin qeydiyyatı üçün tələb olunan imza sayından iki dəfə çox səs toplayıbsa, onun prezidentliyə namizədindən qeydiyyat üçün imza tələb olunmamalıdır;
– İctimai Televiziya parlament partiyalarını həftədə 30 dəqiqə efirlə təmin etməlidir. Partiyalar özləri bu yayımı canlı, ya da öncədən hazırlanmış məzmunla təmin etməlidir;
– Siyasi partiyanın buraxılması, ona xəbərdarlıq edilməsi, fəaliyyətinin dondurulması, onun hesabatlılığı ilə bağlı müddəalar dövlət orqanlarının siyasi partiyaların fəaliyyətinə qərəzli müdaxilələrinə imkan yaratmamalı, müxalif partiyanı sıxışdırmağa, ya da siyasi meydandan çıxarmağa imkanlar açmamalıdır;
– Parlament təmsilçiliyi olan partiyalara dövlət büdcəsindən təmsilçiliyə düz mütənasib şəkildə ayrılan vəsait hakim partiyanın maliyyə resurslarını və siyasi monopoliyasını gücləndirir. Parlamentdə və bələdiyyədə qazandığı hər yer üçün müxalifət partiyasına hakim partiyadan azı iki dəfə daha artıq vəsait ayrılmalıdır;
– Hər hansı dəyişiklik hakimiyyətin siyasətinə, dövlət orqanları qərarlarının hazırlanmasına, dövlət qurumlarının və rəsmilərinin fəaliyyətinə siyasi partiyaların təsir imkanlarını indiki ilə müqayisədə azaltmamalıdır;
– Siyasi partiya ardıcıl iki dəfə parlament, ya da ardıcıl üç dəfə bələdiyyə seçkilərində namizəd irəli sürməkdən imtina etdikdə onun dövlət qeydiyyatı ləğv edilməlidir;
– Partiyanın sədri və ən yüksək rəhbər orqanına üzv olan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamalıdır.
Novator.az bildirir ki, REAL Partiyası 2018-ci ildə, 2008-ci ildən fəaliyyət göstərən Respublikaçı Alternativ Hərəkatının bazasında yaradılıb, 2020-ci ildə dövlət qeydiyyatına alınıb, parlamentdə 1 mandatla təmsil olunur.
Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlandığı iyulun üçüncü ongünlüyündə açıqlanıb. İndiki qanun 1992-ci il iyunun 3-də qəbul edilib. Hazırda 58 partiya dövlət qeydiyyatındadır.