Xarici İşlər Nazirliyi bildirir ki, Azərbaycanın Böyük Britaniyadakı səfirliyi avqustun 4-də bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Londonda elçiliyin binasına soxulan həmin şəxslər binanın eyvanında dini bayraqlar qaldırıb, radikal dini şüarlar səsləndirib. Polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanıb. Səfirliyin əməkdaşları xəsarət almayıb.
Başqa bir xəbərə əsasən, həmin gün xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb. Türkiyənin xarici işlər naziri radikal dini dəstənin Azərbaycanın Londondakı səfirliyin binasına hücumunu qınayıb, Türkiyənin Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb.
“Turan”ın məlumatına görə, Britaniya mətbuatı səfirliyə hücum çəkmiş 8 nəfərin tutulduğunu yazır. Onların Londonda qərar tutan radikal şiə təşkilatının üzvləri olduğu vurğulanır.