İnsanı koronavirusun bütün növlərindən, o cümlədən gələcəkdə ortaya çıxa biləcək variantlarından qoruya biləcək universal peyvəndin hazırlanması üzərində iş gedir. Novator.az-ın məlumatına görə, Avstraliyanın ABC ictimai yayım şirkətinin internet səhifəsi bu mövzuda məqalə dərc edib. Məqalədə deyilir ki, indiyədək kəşf olunmuş koronavirus vaksinləri bir çox xəstənin vəziyyətinin ağırlaşmasını önləyə, pasiyentlər arasında ölüm sayını azalda bilib. Ancaq bu, kifayət deyil: “Hamı ilin sonuna kimi virusun omikron variantına təsir göstərə biləcək yeni peyvəndin hazırlanmasını gözləyir. Lakin yeni vaksin gələnə kimi, bəlkə də gələn ilin yazınadək virus əlavə mutasiyalara uğraya bilər.
Bəs koronavirusu qabaqlaya biləcək, infeksiyanın bütün mövcud və gələcək variantlarına təsir göstərə biləcək universal peyvənd hazırlamaq mümkündürmü?”
Məqalədə bildirilir ki, ABŞ-ın Şimali Karolina Universitetinin Qlobal İctimai Sağlamlıq Məktəbinin tədqiqatçısı, virusoloq-immunoloq Devid Martines hazırda universal peyvənd üzərində işləyir: “Doktor Martinesin sözlərinə görə, universal peyvəndin ilkin sınaqları zamanı əldə olunan nəticələr çox şey vəd edir. O deyir ki, il yarımdan çoxdur fəal şəkildə yeni nəsil universal peyvəndlər üzərində işləyir, tədqiqat aparırlar.
Doktor ümid edir ki, universal vaksinlər həm mövcud SARS-CoV-2 infeksiyası ilə, həm virusun gələcək variantları ilə mübarizəyə kömək edə bilər, həm də gələcəkdə koronavirusun bəzi variantlarının ümumiyyətlə ortaya çıxmasının qarşısını ala bilər.
Doktor Martines yeni nəsil vaksinləri heyvanlar, o cümlədən siçanlar üzərində sınaqdan keçirdiyini qeyd edərək söyləyir: “Heyvanlar üzərində keçirdiyimiz sınaqların nəticələri vaksinlərin universal olacağından xəbər verir. Ancaq peyvəndlər insanlar üzərində də kliniki sınaqlardan keçirilməlidir. Biz istəyirik ki, hazırladığımız yeni peyvəndlər orqanizmi yalnız SARS-CoV-2-dən, onun variantlarından, eləcə də hazırda dünyaya problem yaratmaqda olan omikrondan deyil, bu kəskin respirator virus infeksiyasının ilkin növlərindən da qorusun”.
Məqalədə xatırladılır ki, SARS-CoV-2 infeksiyasına qədər SARS infeksiyası olub. SARS ilk dəfə 2003-cü ildə Çinin cənubunda ortaya çıxıb və 774 nəfərin ölümünə gətirib. 9 il sonra, 2012-ci ildə Yaxın Şərqdə başqa bir koronavirus – MERS aşkarlanıb. MERS 900-ə yaxın insanın həyatına son qoyub. 2019-cu ildə isə COVİD-19 adlandırdığımız infeksiya yaranıb və dünyanı bürüyüb. COVİD-19 indiyədək 6 milyon 431 mindən çox adamın ölümünə səbəb olub: “Doktor Martines deyir ki, son 20 ildə yüksək patogenli üç koronavirusun ortaya çıxması universal vaksinlərin yaradılmasını ciddi zərurətə çevirir.
İnsanları yoluxdurmağa qabil yeddi cür koronavirusun olduğunu vurğulayan immunoloq bildirir ki, onlardan dördü soyuqdəymə təsiri göstərir, qalan üçü – SARS, MERS və COVİD-19 isə ağır xəstəliklərə gətirib çıxarır”.
Universal vaksinlərin insanlar üzərində sınaqdan keçirilməsinə əsas maneənin maliyyə çatışmazlığı olduğunu bildirən doktor Martines ABC-yə açıqlamasında bu maneənin dövlət səviyyəsində aradan qaldırılmasına çağırış edib. Müsahibə zamanı o, alimlərin təkrarlanan infeksiyaları müalicə etmək üçün antiviral dərmanlar üzərində də işlədiyini söyləyib.
Devid Martines universal peyvəndlərin nə vaxtsa bütün sınaqlardan keçirilib rəsmən təsdiqlənəcəyinə, kütləvi istifadəyə veriləcəyinə inanır. Amma o, həmin dövrdə də maneələrin olacağını söyləyir: “Biz ən azı ABŞ-da insanları koronavirusa qarşı peyvəndlənməyə inandırmaq üçün xeyli mübarizə aparmalı olduq. Belə bir mübarizəyə universal peyvəndlərin tətbiqinə başlananda da ehtiyac yaranacaq”.
Mənbə: ABC.net.au