Rusiya hərbi kontingentinin yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə hücum çəkib, əsgər Anar Kazımov şəhid olub. Azərbaycan Ordusu bölmələrinin cavab əməliyyatı nəticəsində bir çox yüksəklik ələ keçirilib, ermənilərin bir neçə döyüş mövqeyi dağıdılıb, canlı qüvvəsi, hərbi texnikaları və döyüş sursatı məhv edilib.
Novator.az-ın məlumatına görə, gərginliyə münasibət bildirən Müsavat Partiyasının başqanı Arif Hacılı yazır ki, Rusiya qoşunları Azərbaycan ərazisindən çıxmamış sülh olmayacaq: “Bütün Qarabağ üzərində suveren hüquqlarımız təmin edilməyincə münaqişənin bitdiyini, qalib gəldiyimizi deyə bilmərik. Rus və erməni hərbi birləşmələri Azərbaycan ərazisindən çıxarılmalıdır. Bu gün ən vacib milli hədəflərdən biri budur”.
AXCP sədri Əli Kərimli qeyd edir ki, Rusiya Azərbaycanla Ermənistan arasında danışıqların pozitiv yekunlaşması, sülhün əldə edilməsi və Rusiya hərbçilərinin bölgədə qalması üçün bəhanənin aradan qalxması perspektivindən narahatdır: “Rusiya hərbi kontingentinin Qarabağda daha uzun müddət qalması üçün Azərbaycan və erməni qüvvələri arasında vaxtaşırı toqquşmaların olması zəruridir. Silahlı münaqişənin davamlı olması üçün Rusiya “sülhməramlıları” özləri atəşkəsin vaxtaşırı pozulmasında maraqlı olacaqlar. Erməni silahlı dəstələrinin və onları müdafiə edən Rusiya “sülhməramlılarının” Azərbaycan ərazisində uzun müddət qalması ölkənin milli maraqlarına qətiyyən uyğun deyil. Bölgədə sülhə nail olmaq üçün Azərbaycan və Ermənistan rəhbərliyi Avropa Birliyi və Gürcüstanın vasitəçiliyi ilə aparılan ikitərəfli sülh danışıqlarını ciddiləşdirməlidir. Yalnız bu halda Rusiya ssenarilərini pozmaq və Rusiya “sülhməramlılarının” Qarabağı tərk etməsinə nail olmaq mümkündür”.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn yazır ki, region gərginlik, qarşıdurma müharibə təhlükəsindən birdəfəlik azad edilməlidir: “Vətənimizdə, bölgədə sülhün və təhlükəsizliyin qəti şəkildə təminatı Xankəndidə Azərbaycan bayrağının ucalmasıdır”.
1988-ci ildə ermənilər Azərbaycanın Yuxarı Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə təcavüzə başlayıb. 1991-ci ildə ermənilər bölgəni “müstəqil dövlət” elan edib. Bunun ardınca müharibə alovlanıb, 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Yuxarı Qarabağı və onun ətrafındakı bölgələri ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub. Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb, Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi Rusiya hərbi bölmələrinin əlindədir.