Avqustun 4-ü Azərbaycanın siyasi tarixinə yeni mərhələnin başlanğıcı kimi düşüb – 2003-cü ildə həmin gün İlham Əliyev baş nazir təyin olunub (2002-2016-cı illərdə baş nazir Azərbaycanda ikinci ali vəzifəli şəxs sayılıb).
1961-ci ildə doğulan İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu və həmin təhsil ocağının aspiranturasını bitirib, orada dərs deyib.
Tarix elmləri namizədidir.
1991-ci ildən Moskvada özəl şirkətə baş direktorluq edən İlham Əliyev 1994-cü ildən Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, 1996-cı ildən birinci vitse-prezidenti postunu tutub, 1995-ci və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib, 1999-cu ildən hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildən birinci müavini olub.
İlham Əliyevin atası Heydər Əliyev 1969-1982-ci (Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi) və 1993-2003-cü illərdə (əvvəl Milli Məclisin sədri, sonra prezident) Azərbaycana rəhbərlik edib.
2003-cü ildə İlham Əliyev hakim komandanın namizədi kimi prezident seçkisində iştirak edərək qalib elan olunub.
2005-ci ildə Yeni Azərbaycan Partiyasının sədri seçilib.
2008-ci ilin seçkisində İlham Əliyev prezident kürsüsünü qoruyub.
2009-cu ildə bir nəfərin iki dəfədən çox prezident seçilməsi məhdudiyyəti götürülüb və İlham Əliyev 2013-cü ildə də dövlət başçısı postuna mandat alıb.
2016-cı ildə prezidentin səlahiyyət müddəti 7 ilə qaldırılıb, 2018-ci ildə İlham Əliyev yenidən prezident seçilib.
İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva ölkənin ikinci ali vəzifəli şəxsi – birinci vitse-prezidentdir.