Prezident İlham Əliyevin 10 dekabr 2021-ci il sərəncamında işğaldan azad edilmiş ərazilərdə vergi güzəştlərinin və başqa güzəştlərin tətbiqi tapşırılıb. Novator.az-ın məlumatına görə, iqtisadçı Qalib Toğrul yazır ki, bu çərçivədə Vergi Məcəlləsinə “İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri” adlı fəsil əlavə olunur: “Layihədə 2023-cü il yanvarın 1-dən işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olunması; 10 il müddətində dividend gəlirlərinin vergidən azad edilməsi; işğaldan azad edilmiş ərazilərə, həmin ərazilərdən ölkənin digər regionlarına, habelə bu ərazilər daxilində hava və dəmiryolu nəqliyyatı vasitəsilə sərnişin və yük daşımalarına görə əlavə dəyər vergisinin (ƏDV) 0 dərəcə ilə vergiyə cəlbi nəzərdə tutulur.
Həmçinin fiziki şəxs olan istehlakçıların işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalarda (hotellərdə) göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödədiyi ƏDV-nin 30 faizinin, nağd qaydada ödədiyi ƏDV-nin 20 faizinin geri qaytarılması təklif olunur.
Təkliflərdə aqrar emal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə vergi təşviqlərinin verilməsi də var. Siyahısını Nazirlər Kabineti təsdiqləyən idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək məhsulların istehsalını həyata keçirən fərdi sahibkarların və hüquqi şəxslərin əldə etdiyi gəlirin (mənfəətin) 50 faizi – 2023-cü il yanvarın 1-dən 7 il müddətinə vergidən azad olunur. Bu fiziki və hüquqi şəxslər torpaq və əmlak vergisi də ödəməyəcək.
İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlara xammal və materialların idxalı ilə bağlı gömrük güzəştlərinin verilməsi; kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin təqdim olunması; onların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi; yaşayış massivlərinin inşası ilə bağlı dövlət-özəl sektor tərəfdaşlığından istifadə olunması istiqamətində qanunvericilik dəyişiklikləri də gözlənir”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.