Bolqarıstanda növbədənkənar parlament seçkisi oktyabrın 2-nə təyin olunub. Novator.az-ın məlumatına görə, prezident Rumen Radev avqustun 1-də müvəqqəti hökumət formalaşdırmağı 1967-ci il təvəllüdlü Qalab Donevə tapşırıb.
Proporsional üsulla (partiya siyahıları üzrə) seçilən Bolqarıstan parlamenti 240 deputatdan ibarətdir. 2021-ci il aprelin 4-də və iyulun 11-də keçirilmiş parlament seçkilərindən sonra hökumət qurmaq mümkün olmayıb. 14 noyabr 2021-ci il seçkisində qanunverici orqana 7 siyasi qüvvə düşüb: Yeniliklərə Davam Partiyası, GERB Partiyası, Hüquq və Azadlıq Hərəkatı, Sosialist Partiyası, Belə Xalq Var Partiyası, Demokratik Bolqarıstan Partiyası, Dirçəliş Partiyası. 13 dekabr 2021-ci ildə parlament koalisiya hökuməti quran Yeniliklərə Davam Partiyasının lideri Kiril Petkovu baş nazir seçib.
2022-ci il iyunun 22-də parlament hökumətə etimadsızlıq göstərərək onu istefaya göndərib. İyulun 28-də heç bir siyasi qüvvənin hökumət qura bilmədiyi bəyan olunub.
Parlament respublikası olan Bolqarıstanda dövlət başçısı funksiyasını prezident yerinə yetirir. Sosialist Partiyasının namizədi olmuş Rumen Radev 2016 və 2021-ci illərin ümumxalq seçkilərində qalib gəlib.